Noyabrın 15-dən 21-dək Türkiyənin Malatya şəhərində beynəlxalq kinofestival keçiriləcək. Bu il sayca dördüncü dəfə keçirilən kino müsabiqəsi Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Malatya valiliyi və bələdiyyəsi, “Fırat” inkişaf agentliyi və İnönü Universitetinin dəstəyi ilə “Malatya əriyi” tədqiqat və tanıtım vəqfi tərəfindən təşkil edilib.
Builki festivalda beş Azərbaycan filmi də nümayiş olunacaq. Bunlar son illər lentə alınan “40-cı qapı” (rejissor Elçin Musaoğlu, 2008), “Çölçü” (rejissor Şamil Əliyev, 2012), “Sübhün səfiri” (rejissor Ramiz Həsənoğlu, 2012), “Buqələmun” (Elvin Adıgözəl, Rüfət Həsənov, 2013, Azərbaycan-Fransa-Rusiya) və rejissor Tofiq İsmayılovun 1973-cü ildə çəkdiyi “Bizim küçənin oğlanları” filmidir.
Festival çərçivəsində ümumilikdə 137 film nümayiş olunacaq, müxtəlif təqdimatlar, görüşlər keçiriləcək. Müxtəlif nominasiyalar üzrə qaliblərə “Büllur ərik” mükafatı təqdim olunacaq.