Dekabrın 2-də XIV Tbilisi beynəlxalq film festivalı işə başlayıb. Dekabrın 8-dək davam edəcək festivalda Azərbaycanın gənc rejissorları Rüfət Həsənov və Elvin Adıgözəlin “Buqələmun” tammetrajlı bədii filmi “Beynəlxalq müsabiqə” kateqoriyasında, Əməkdar incəsənət xadimi Ayaz Salayevin “Ağ-qara gecələr” filmi isə “Sərhədsiz film” kateqoriyasında təqdim ediləcək.
Azərbaycanlı rejissor Novruz Hikmətin “Sakura” filmi isə dekabrın 12-dən 15-dək Bişkekdə keçiriləcək “Qırğızıstan - qısametrajlı filmlər ölkəsi” III beynəlxalq kinofestivalında iştirak edəcək.
Azərbaycan və Ukrayna kinematoqraflarının birgə lentə aldıqları “Sakura” qısametrajlı filmi iki insanın narahatlıqlarından, onların qorxularından, arzu və məhəbbətindən bəhs edir.
Filmin quruluşçu rejissoru və ssenari müəllifi Novruz Hikmət, operatoru Yuri Dunay, prodüserləri Novruz Hikmət və İrina Biçevadır. Ekran əsərində baş rolu Azərbaycanın Əməkdar artisti Ayşad Məmmədov oynayıb.