Kinooperatorların hər birinin ssenariyə, epizodlara yanaşmalarında ayrı bir özəllik olur. Bəzən operatorlar elə detalları lentə köçürürlər ki, bu, ekran əsərinin baxımlı olmasında böyük rol oynayır, tamaşaçı yaddaşında dərin iz buraxır. Belə sənətkarlarımızdan biri də Əlihüseyn Hüseynovdur.

Əlihüseyn Ələkbər oğlu Hüseynov 1922-ci il dekabrın 12-də Quba şəhərində dünyaya göz açıb. Kiçik yaşlarından incəsənətə maraq göstərib, şəkil çəkməyi çox sevib. Məktəbdə müəllim və şagirdlər arasında onun istedadından bəhs edilib. Bu, Əlihüseynin qəlbində gələcək sənət yolu ilə bağlı arzular oyadır. Orta məktəbi başa vurub, ali təhsil almaq istəsə də, II Dünya müharibəsi onun xəyallarının qarşısını alır. Könüllü olaraq müharibəyə gedir, Ukrayna cəbhəsində döyüşlərə qatılır. 1943-cü ildə ağır yaralanır, xeyli müalicə aldıqdan sonra ordudan tərxis olunur.
Əlihüseyn Qubaya qayıtdıqdan sonra sənaye kombinatında fotoqraf işləməyə başlayır. Peşəkar fotoqrafların təcrübəsindən bəhrələnir. Ali təhsil almaq məqsədilə öz üzərində çox çalışan Əlihüseyn Hüseynov, nəhayət, 1948-ci ildə sənədlərini Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutuna verir və kinooperatorluq fakültəsinə daxil olur.
1954-cü ildə ali təhsilini başa vurub geri dönür. Bakı kinostudiyasında kinooperator assistenti vəzifəsinə işə düzəlir. O, əlbəttə, hər şeyə birdən-birə nail olmur. Əvvəlcə görkəmli kinorejissor Tofiq Tağızadənin “Görüş” bədii filmində (1955) operatorlar Teyyub Axundov və Cavanşir Məmmədovun assistenti olur. Bu çəkilişdə o, müstəqil fəaliyyət göstərə biləcək kinooperator bacarığını nümayiş etdirir. Sonra rejissor Ağarza Quliyevin “Qara daşlar” bədii filmində (1956) ikinci operator işləyir. Eyni zamanda Bakı televiziyasında əməkdaşlığa dəvət olunur. Televiziyada fəaliyyət göstərdiyi müddətdə “Mahnı qanadlarında” (1959), “Bizim opera” (1960), “Əminə Dilbazinin rəqsləri” (1961), “Çobanlar” (1961), “Bacarıqlı əllər” (1963) və s. sənədli filmləri çəkir.
“Aygün” (1960) bədii televiziya filmi operator kimi onun ilk uğurlu işi olur. Bu filmdə onun yaradıcılıq dəst-xəttinin bəzi üstünlükləri aydın şəkildə özünü göstərib. Əsərdə olduğu kimi, filmdə də hadisələr əsasən ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında baş verir. Ekran əsərində humanizm, cəmiyyət qarşısında məsuliyyət hissi kimi mühüm insani keyfiyyətlər tərənnüm olunur. Film ictimaiyyətə təqdim olunanda görkəmli yazıçı İsmayıl Şıxlı “Aygün” ekranda” adlı resenziyasında yazıb: “Biz ekranda əvvəlcə xoşbəxt dəqiqələr keçirən gəncləri görürük. Onlar bəxtiyardırlar. Rejissor kimi operator Əlihüseyn Hüseynov da qəhrəmanların sevinci üçün gözəl cizgilər tapa bilmişdir...”.
Bacarıqlı operator 1966-cı ildə Əlisəttar Atakişiyevin quruluş verdiyi “İstintaq davam edir” filmini lentə alır. İki il sonra rejissor Muxtar Dadaşov Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman” povesti əsasında “Qanun naminə” filmini çəkərkən quruluşçu operator işini Əlihüseyn Hüseynova tapşırır. Bu filmdə də hadisələr 1930-cu illərdə Azərbaycanın uzaq dağ rayonlarının birində baş verir. Əsərdə olduğu kimi, filmdə də prokurorun apardığı mübarizə aydın göstərilir. Onun əsas amalı düzlük, xeyirxahlıqdırsa, mübarizəsi xalq malına göz dikənlərə, rüşvətxorlara və qohumbazlara qarşı yönəlib. Tamaşaçı povestlə tanış olsa da, ekranda baş verən hadisələri diqqətlə izləyir. Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin araşdırmasında göstərilir ki, bu məsələdə operator Əlihüseyn Hüseynovun və rəssam Cəbrayıl Əzimovun əməyi az olmayıb.
Professor Mehdi Məmmədov “Olmasın gərək” resenziyasında yazıb: “Filmdə rejissor, operator və rəssam işinin vəhdəti, bədii bütövlüyü, onların obrazlı təfəkkürü, xüsusilə qiymətlidir. Film mənalı və mütəşəkkil kadrlarla zəngindir. Onun emosional təəssüratını qüvvətləndirən ritmik, dinamik inkişafı və gözəl montajı vardır”.
Hətta tanınmış rus tənqidçisi M.Belyavski filmə baxarkən onu yüksək qiymətləndirir və deyir: “Belə Mehmanlar bizə bu gün də, sabah da lazımdır!”
Araşdırmalardan məlum olur ki, “Qanun naminə” filmi operator Ə.Hüseynovun bədii kinoda son işi olur. Ancaq 70 illərdə o, bir rejissor kimi “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətini davam etdirir. “Qədim diyarın gəncliyi” (1974), “Naxçıvan-50” (1975), “Min bir xəzinə” (1976), “Bakı Sovet Azərbaycanının paytaxtıdır” (1977), “Kommisarın ürəyi” (1978) və s. sənədli filmləri lentə alır.
1979-cu ildə sənətkarın səhhətində problemlər yaranır. Bu səbəbdən də o, rəhbərliyin məsləhəti ilə quraşdırma çəkilişləri sexinə kinooperator vəzifəsinə keçirilir. 1982-ci ildə “Cavidi xatırlarkən” adlı sonuncu sənədli filmini çəkir. Bununla da kino aləmindən uzaqlaşır. Səhhətində problemlərlə bağlı uzun müddət xəstə yatır. 1987-ci il iyunun 4-də vəfat edir.

Savalan Fərəcov