Azərbaycan Turizm Assosiasiyası yaxın günlərdə ölkəmizdə fəaliyyət göstərən hotellərin 20 nəfər əməkdaşını Türkiyənin Bodrum və Antalya bölgələrində 2 ay müddətində təcrübə keçməyə göndərəcək.
  
    Assosiasiyanın sədri Nahid Bağırovun infotour.az saytına verdiyi xəbərə görə, qardaş ölkəyə göndəriləcək qrupda hotellərdə ofisiant və qeydiyyat şöbələrində çalışan işçilər yer alacaq.
   N.Bağırov bildirib ki, hazırda əməkdaşların siyahısı hazırlanır: «Məlumdur ki, Türkiyədə mehmanxana və mehmanxana tipli obyektlərdə xidmətin səviyyəsi çox yüksəkdir. Bizim məqsədimiz də Azərbaycanda turizmin inkişafına təkan vermək üçün bu təcrübədən geniş yararlanmaqdır. Bu məqsədlə Türkiyəyə göndərəcəyimiz ilk qrupda olan 20 nəfər bu ölkənin hotellərində 2 ay müddətində həm işləyəcək, həm də təcrübə əldə edəcək».
   Qeyd edək ki, bu təcrübə mübadiləsi Türkiyə tərəfinin maliyyəsi ilə həyata keçirilir.

Fəxriyyə Abdullayeva