Füsunkar təbiəti olan Qəbələ rayonunun Nic kəndi mədəni zənginliyi və özünəməxsus maraqlı etnoqrafik xüsusiyyətləri ilə seçilir. Bu kənd ölkəmizdə ta qədimdən mövcud olan tolerantlıq mühitinin tarixi məkanlarından biridir. Nic eyni zamanda Azərbaycanın ən böyük kəndlərindəndir.
   
   Kənd Qəbələ rayon mərkəzindən 40 km cənub-qərbdə yerləşir. Burada azərbaycanlılarla yanaşı, qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının sakinləri olmuş udinlər yaşayır. Bu etnosun əcdadları olan utilər haqqında e.ə. V əsrdə yaşamış yunan müəllifi Herodotun “Tarix” əsərində məlumat var. E.ə. I əsrdə yaşamış Strabonun “Coğrafiya” əsərində də Xəzər dənizi və Qafqaz Albaniyası haqqında məlumatda utilərdən danışılır.
   Nic kəndi zəngin tarixi ilə yanaşı, gözəl təbiəti ilə də diqqəti cəlb edir. Kənd ərazisi becərilmiş torpaq sahələrindən, geniş bağ-bağçalı, yaraşıqlı evlərdən, şəxsi həyətlərdən ibarətdir. Qədim tarixə malik olan Nic kəndində xeyli abidə aşkarlanıb. Kəndin Abdallı adlanan ərazisində Yalolutəpə adlanan torpaq qəbirlər var, Ağdəlləhli adlanan ərazidə tapılan qəbir daşı isə XIII əsrə aid edilir. Kənddə olan alban kilsəsi, “Daş bulaq” adlı tarixi çeşmə bu yerlərə marağı xeyli artırır. Eləcə də orijinal üslubda tikilən bir sıra yaşayış evləri Nicə gələn turistlərin diqqətini cəlb edir.
   
   Alban kilsələrinə böyük maraq var
   
   Kənddə tarixi baxımdan ən əhəmiyyətli abidə olan alban-udin kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçısı (I-II əsrlər) olub. İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə bina edilən kilsə böyük zaldan və onun üzərində ucaldılan çadırabənzər dam ilə örtülmüş kiçik zəng qülləsindən ibarətdir. Kilsənin tikintisində Qəbələnin dağlarından gətirilən daşlardan istifadə olunub. Təkcə Qəbələ rayonunda deyil, eləcə də digər qonşu ərazilərdə olan alban kilsələrinin tikintisində də bu dağların daşlarından istifadə edilib. Kənddə daha iki qədim alban kilsəsi var.
   Nic kəndinin yaxınlığında Çuxur-Qəbələ adlanan yerdə Qafqaz Albaniyasının paytaxtı olmuş “Kabala” (Kabalaka) şəhərinin qalıqlarını görmək olar. Çuxur-Qəbələ kəndi Nicdən 15 km aralıda, Qaraçay və Coruluçayın ortasında yerləşir. Oraya gedən yolboyu saxsı su borularının qalıqlarını görmək olar.    

   Nicin özünəməxsus mətbəxi
   
   Nic kəndində yaşayan udinlərin maraqlı mətbəx nümunələri var. Onlardan “ət sıyığı” (düyü sıyığı və ət), “fırrama” (təndirdə qızardılmış hinduşka), “şıftılıq” (şabalıd və qozdan hazırlanmış sous), “çilov” (paxla aşı), “döşəməli aş” (cücəli plov) buraya gələn yerli və əcnəbi turistlərə çox maraqlı gəlir. Yerli mətbəxdə əsasən un, süd, ət və bitki növlərindən istifadə olunur. “Xərisə” yeməyini xüsusi qeyd etmək lazımdır. Buğda həll olunana qədər bişirilir, sonra kərə yağı ilə yağlanır və ətlə qarışdırılır. Xərisə əkinçilərin ənənəvi xörəkləri sayılır. Yaxın Şərqdə və Suriyada da eyniadlı xörəkdən geniş istifadə olunur. Mərasimlərdə süfrəyə özlərinin hazırladığı alça arağı və üzüm çaxırı qoyulur.
   
   Nic etnoqrafik xüsusiyyətləri ilə diqqəti cəlb edir
   
   Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarovanın bildirdiyinə görə, turistlər ilin müxtəlif fəsillərində Nic kəndinə maraq göstərirlər. “Müxtəlif dinlərin nümayəndələrini, əsasən də xristian dininə inananları bu kənd çox cəlb edir. Yerli əhalinin özünəməxsus mədəniyyəti, dili, mətbəxi, folkloru, fərqli süfrə mədəniyyəti, toy, yas ənənələri var. Bura gələnlər ilk növbədə xristianlıq dünyası üçün müqəddəs sayılan kilsələri ziyarət edirlər”.
   Nic kəndinin Azərbaycanda tolerantlığın bir örnəyi olduğunu vurğulayan Nargilə Qafarova son illərdə mədəniyyət və turizm şöbəsinin dəstəyi ilə burada “Udin Cəngi Qrupu”nun yaradıldığını deyir. Kollektiv müxtəlif mədəni tədbirlərdə iştirak edir, udinlər öz etnik mədəniyyətlərini qoruyub yaşadır: “Kənddə etnoqrafiya muzeyinin yaradılması da çox gözəl olardı. Yerli əhalidə, ayrı-ayrı şəxslərdə qədim əşyalar, sənət əsərləri var. Kənddə klub fəaliyyət göstərir. Onun əsaslı təmirini planlaşdırırıq. Ola bilsin ki, muzey formasında guşə yaradaq”.
   
   Qədim ənənələr qorunub saxlanılır
   
   Vitali Keçarxoy Nic kəndində fəaliyyət göstərən mədəniyyət evinin direktorudur. O, turistlərin yerli əhalinin, xüsusilə də udinlərin məişətinə, folkloruna maraq göstərdiyini deyir: “Udinlərin qeyd etdiyi əsas bayramlardan biri “Mayovka” adlanır. Bu bayrama mart ayından hazırlıq görülər. Aprel ayında isə yası olan ailələr yaxınlarının məzarlarını ziyarət edirlər. Bizdə ona “Kala Axsibay” deyirlər. Sonra həyət-baca təmizlənər, mayın 1-də hazırlıq işləri yekunlaşır. Mayın 2-də isə kilsəyə qurban aparırlar. İmkanı olmayanlar qurban kəsməzlər”.
   Maraqlıdır ki, xristianlar arasında qurban kəsmək ənənəsi olmasa da, udinlərdə qurban kəsmək qədimdə də olub, indi də bu adət qalır. Çox vaxt bu, kəndə gələn xristian turistlərin də təəccübünə səbəb olur.
   Udinlərin toy mərasimlərində milli rəqslər , həmçinin "Yallı", "Uzundərə" kimi Azərbaycan xalq rəqsləri oynanılır. Udin folkloru çox rəngarəngdir. Müxtəlif oyunlar, əyləncələr, lirik və qəhrəmanlıq nəğmələri, rəqslər, əfsanə və rəvayətlər sırf məişət həyatı ilə bağlı olub. Onların bəziləri bu günümüzə qədər qorunub saxlanılır. Kənddə Mədəniyyət Mərkəzi də fəaliyyət göstərir. Mərkəz udinlərin qədim adət-ənənələrinin inkişafı və mühafizəsi ilə məşğuldur.
   
   Səma altında etnoqrafiya kompleksi yaradılacaq
   
   Nic kəndinə gələn turistlər çox vaxt yerli əhalidən kirayələdiyi mənzillərdə qalır, kəndin tarixi, məişəti, etnoqrafik xüsusiyyətləri ilə tanış olurlar. Kəndə ekskursiya, kəndin məişət həyatı və etnoqrafiyası ilə tanışlıq, yerli mətbəxdən ibarət yeməklər, füsunkar təbiət, qədim kilsələrə - XVII əsrə aid edilən Cotaari kilsəsinə, XIX əsrə aid Bulun və Göyün kilsə abidələrini ziyarət turistlərdə zəngin təəssürat yaradır. Yeri gəlmişkən, Azərbaycanda “Turizm ili”lə bağlı təsdiq edilən tədbirlər planında Nic kəndində səma altında udin etnoqrafiya kompleksinin yaradılması, Qəbələ rayonundakı Nic kəndindəki alban kilsəsinin turizm marşrutlarına daxil edilməsi planlaşdırılır. Bölgənin turizm imkanlarının daha da geniş təbliği üçün Qəbələ Turizm İnformasiya Mərkəzinin yaradılması da görüləcək işlər sırasındadır.
   
   Ceyhun Zərbəliyev