Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yeni mövsümün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib.

Teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev yeni mövsüm münasibətilə kollektivi təbrik edib, hər kəsə uğurlar arzulayıb.

Bildirib ki, ötən mövsüm teatr üçün bir çox əlamətdar hadisələrlə yadda qalıb. Müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti respublikamızda keçirilən tədbirlərdə, eyni zamanda xaricdə festivallarda təmsil olunub.

Bu günlərdə (26 avqust) Laçında “Şəhər günü” tədbirləri çərçivəsində nümayiş olunan “Arşın mal alan” (Üzeyir Hacıbəyli) tamaşasının yaradıcı heyətinə xüsusi təşəkkürünü bildirən direktor ilboyu bu qəbildən səfərlərinin olacağını da diqqətə çatdırıb.

Həmçinin Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi ilə əlaqədar hazırlanan "Sən elə bir zirvəsən!...” musiqili-tarixi essesinin ötən mövsümdə uğurlu təqdimatından söhbət açılıb və yeni mövsümün açılışının da bu layihə ilə olacağı vurğulanıb. Qeyd edilib ki, Gəncə və Şəkidə də nümayiş olunan bu tamaşanın Mingəçevir, Lənkəran və Naxçıvan şəhərlərində təqdimatı nəzərdə tutulub.

Tədbirdə teatrın dördaylıq (2023-cü ilin sonunadək) repertuar planı təsdiqlənib, premyeraları nəzərdə tutulan tamaşalar, gələcək layihələr barədə bir sıra fikirlər səsləndirilib, müzakirələr aparılıb.