Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və dəstəyi ilə bir qrup özbəkistanlı KİV nümayəndəsi növbəti dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib. Səfər çərçivəsində bir çox reportaj və verilişlər hazırlanıb.

Özbəkistan Dövlət Televiziyasında Azərbaycanın 30 ildən sonra Ermənistan işğalından azad olunmuş Ağdam, Füzuli, Şuşa və Laçın rayonlarına həsr olunmuş “Mənbələr sözləşəndə” adlı veriliş yayımlayıb. Aparıcısı tanınmış jurnalist Dildora Həsənova olan verilişdə azad olunmuş Azərbaycan rayonlarında işğalın ağır nəticələri, infrastrukturun tamamilə dağıdılması və Vətən müharibəsindən sonra dövlətimiz tərəfindən reallaşdırılan yenidənqurma layihələri geniş işıqlandırılıb.

Verilişdə öncə Ağdam şəhərinin erməni işğalı zamanı dağıdılmış hissəsinin görüntüləri təqdim edilib. Erməni vandalları tərəfindən xarabaya çevrilmiş Ağdam II Dünya müharibəsində atom bombası atılmış Yaponiyanın Xirosima şəhərinə bənzədilib. Materialda şəhərdə vandallığa və təhqirə məruz qalmış tarixi və dini abidələr, Ağdam Cümə məscidinin vəziyyətinə nəzər salınıb, şəhərdə həyata keçirilən yenidənqurma işləri ilə bağlı məlumat verilib.

Daha sonra işğaldan azad olunmuş Füzuli rayonunun ermənilər tərəfindən dağıdılmış kəndləri, tamamilə məhv edilmiş şəhərin mənzərəsi nümayiş etdirilib. Jurnalist təkcə binaların, infrastrukturun deyil, təbiətin də işğalçılar tərəfindən məhv edildiyini diqqətə çatdırır, qarşılaşdığı mənzərənin nə qədər dəhşətli olduğunu vurğulayır.

Verilişdə Vətən müharibəsindən qısa müddət sonra – 2021-ci ildə tikilib istifadəyə verilən Füzuli Beynəlxalq Aeroportu, Özbəkistan dövlətinin vəsaiti hesabına inşa olunmuş Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 saylı orta məktəb və Füzulidə aparılan yenidənqurma, tikinti işləri ilə də bağlı ətraflı məlumat verilib.

Mediatur çərçivəsində Şuşa şəhərində olan jurnalist verilişdə bu qədim şəhərin Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi olduğunu qeyd edib. Şuşanın əsrarəngiz təbiətindən söz açan jurnalist D.Həsənova buranı dünyanın ən gözəl təbiətə malik bölgələrindən biri kimi səciyyələndirib.

Mediaturun növbəti ünvanı Laçın şəhəri olub. Jurnalist şəhərdə Azərbaycan dövləti tərəfindən aparılan yenidənqurma işləri, Böyük Qayıdışla bağlı geniş reportaj hazırlayıb.

“Mənbələr sözləşəndə” verilişini https://www.youtube.com/watch?v=hshDvvFnkxE&t=2s linki vasitəsilə izləyə bilərsiniz.