2023/2024-cü tədris ili üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) 2344 tələbə qəbul olub. Onlardan 1141 nəfəri (48,6 faiz) dövlət sifarişi, 1203 nəfəri (51,4 faiz) ödənişli əsaslarla qəbul olub.

Bu barədə AzMİU-dan məlumat verilib. Qeyd olunub ki, ötən illə müqayisədə bu il qəbul olanların sayı 169 nəfər daha çoxdur.

İxtisaslar üzrə ən yüksək göstəricilərə gəlincə, 2023/2024-cü tədris ilində qəbul planı üzrə universitetin memarlıq, dizayn, iqtisadiyyat, biznesin idarə edilməsi, menecment və marketinq ixtisaslarına qəbul 100 faiz yerinə yetirilib.

Qəbul planı üzrə boş yerlər qalan ixtisaslara isə sentyabrın 9-na kimi Dövlət İmtahan Mərkəzi tərəfindən yenidən qəbul həyata keçirilir.

Qeyd edək ki, qəbul olunan abituriyentlər sentyabrın 14-dək https://portal.edu.az/ platforması üzərindən onlayn qeydiyyatdan keçməlidirlər.