Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər” pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası keçirilib.

Teatrının mətbuat xidmətindən bildirilib ki, oktyabrın 3-də Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa müəllif İlyas Əfəndiyevin (1914-1996) anım gününə, vaxtilə bu əsərə quruluş vermiş görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun (1923-1980) 100 illiyinə və hər iki yaradıcı şəxslə uzun illər yaradıcı ünsiyyətdə olmuş unudulmaz sənətkar, Xalq artisti, Bakı Bələdiyyə Teatrının yaradıcısı Amaliya Pənahovanın (1945-2018) ruhuna ithaf edilib.

Əsərə tanınmış teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov quruluş verib. Rejissor deyib ki, bu, İlyas Əfəndiyevin yaradıcılığından səhnələşdirdiyi sayca 11-ci pyesdir.

Rolları Zülfiyyə Məmmədova, İlqar Musayev, Nigar Babayeva, Gülsabah Quliyeva, Toğrul Rza və Məmmədağa Əlilicanzadə ifa ediblər. Səhnə sərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Xatırladaq ki, Xalq yazıçısı İlyas Əfəndiyevin 1969-cu ildə yazdığı “Məhv olmuş gündəliklər” pyesi bir sıra rejissorlar tərəfindən tamaşaya qoyulub. Tofiq Kazımovun Akademik Milli Dram Teatrında səhnələşdirdiyi tamaşa da dövrün yaddaqalan mədəniyyət hadisələrindən olub.