Xalq şairi Məmməd Arazın yubileyi münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, “Xalq şairi Məmməd Araz” adlı virtual sərgidə fotolar, şairin müəllifi olduğu kitablar, onun haqqında məqalələr və kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər.

Qeyd edək ki, oktyabrın 14-də Məmməd Arazın anadan olmasının 90 illiyi tamam olur.

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb, Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub. 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru vəzifəsində çalışıb. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə bir çox yüksək orden və medallarla təltif edilib. Onun adına “Məmməd Araz” mükafatı təsis olunub (1993-cü ildən).

2004-cü il dekabrın 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.