Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Oktyabrın 11-də 22 ailədən (59 nəfər) ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Oktyabrın 12-də isə Füzuli şəhərinə daha 21 ailə (88 nəfər) köçürülüb.

Ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Prezidentin Qarabağ iqtisadi rayonu (Şuşa rayonu istisna olmaqla) üzrə Xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar. Onlara şəhərdə inşa edilən yaşayış kompleksindəki mənzillərinin açarları təqdim olunub.

Bununla da Füzuli şəhərində ümumilikdə 208 ailənin (749 nəfər) daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.