Oktyabrın 21-də mədəniyyət nazirinin müavini Fərid Cəfərov Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) Bakıdakı qərargahında “Mədəniyyət və gənclərin iştirakı vasitəsilə Qoşulmama Hərəkatına üzv dövlətlər arasında həmrəyliyin və birliyin gücləndirilməsi” mövzusunda sessiyada çıxış edib.

QHGT-dan verilən məlumata görə, sessiyaya 40-dan çox gənc qatılıb.

QHGT-nin katibliyinin rəhbəri Leyla Həsənova iştirakçıları salamlayaraq tədbirə göstərdikləri maraq üçün onlara təşəkkürünü bildirib.

Sonra Fərid Cəfərov gənclərin mədəniyyət sahəsində rolu və mədəniyyət amilinin əhəmiyyətindən, gənclərin potensialından səmərəli istifadə yollarından bəhs ediblər. Mədəniyyətin inkişafı və gənclərin iştirakı ilə təbliğinin Qoşulmama Hərəkatına üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsində mühüm rolu vurğulanıb.

Tədbir sual-cavab sessiyası ilə davam edib. Fərid Cəfərov iştirakçıların mövzu ilə əlaqədar suallarını cavablandırıb.

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin Hərəkata sədrliyi dövründə yaradılıb. 2022-ci ilin iyulunda “Şuşa Akkordları” sənədi ilə QH Gənclər Şəbəkəsi təşkilata çevrilib. QHGT-nin əsas missiyası cəmiyyətin aktiv üzvləri olan gənclərin müasir, milli və dünyəvi problemlərin həllində həmrəy fəaliyyətinə təkan verməkdir.