Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə noyabrın 9-dan 13-dək Şanxay, Quançjou və Çenqdu şəhərlərində təqdimat tədbirləri keçirilib.

Dövlət Turizm Agentliyindən (DTA) bildirilib ki, tədbirlərdə ATB ilə birgə “Azərbaycan Hava Yolları” QSC, “Baku Marriott Hotel Boulevard”, “Gabala Hospitality Group”, “Hilton Baku”, “Hyatt Regency Baku”, “Badamdar Hotel & Residences” hotelləri və 10 yerli turizm şirkəti təmsil olunub.

Çinin 150-dək turizm sektoru nümayəndəsini bir araya gətirən tədbirlərdə B2B formatlı görüşlər də təşkil edilib. Azərbaycanın müxtəlif turizm təkliflərini əhatə edən təqdimatlar və videoçarxlar nümayiş etdirilib, Azərbaycanın istirahət turizmi və biznes tədbirləri üzrə potensialı tanıdılıb.

Qeyd edək ki, ötən həftə Şanxayda Azərbaycanı çinli səyahətçilər üçün cəlbedici turizm istiqamətinə çevirmək məqsədi daşıyan “China Ready” proqramının təqdimatı olub.

Azərbaycan 15-17 noyabrda Pekində keçiriləcək beynəlxalq Çin Xarici Səyahət və Turizm Bazarı (COTTM) sərgisində də təmsil olunacaq.

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Çindən 20 mindən çox turist qəbul edib.