Görkəmli rus ədiblərinin tərcümə edilmiş kitablarının təqdimatı

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycan dilinə tərcümə edilmiş və çap olunmuş nəşrlərdən ikisi – Fyodor Dostoyevskinin hekayə və povestlərindən ibarət “Balaca qəhrəman” və Andrey Platonovun “Çevenqur” kitablarının təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, layihə üzrə beş Azərbaycan yazıçısının kitabları rus dilinə, beş rus yazarının kitabları isə Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub. Layihə ilə bağlı ilk təqdimat noyabrın 11-də IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində olub.

Dövlət Tərcümə Mərkəzində gerçəkləşən tədbirdə mərkəzin Beynəlxalq əlaqələr idarəsinin rəisi Püstə Axundova Rusiya Tərcümə İnstitutu ilə davamlı əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən danışıb.

Sonra Rusiya Tərcümə İnstitutunun direktoru Yevgeni Rezniçenko, institutun proqram direktoru, ədəbiyyatşünas-alim Nina Litvines, Rusiyada yaşayan tanınmış alim Abuzər Bağırov ərsəyə gətirilən nəşrlərin əhəmiyyətindən, Rusiya və Azərbaycan arasında mövcud olmuş sıx ədəbi əlaqələrin tarixindən bəhs ediblər.

Mərkəzin idarə heyətinin sədri Xalq yazıçısı Afaq Məsud rus dili və ədəbiyyatının hələ sovet illərində Azərbaycan ədəbiyyatı və bədii fikrinə təsirindən, dünya ədəbiyyatına açılan nəfəslik rolu oynadığından danışıb, layihənin iki ölkə arasında ədəbi əlaqələrin inkişafına təkan verəcəyini deyib.

Xalq şairi Ramiz Rövşən, Bakı Slavyan Universiteti Rus ədəbiyyatı tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Umudova, şair Nigar Həsənzadə, yazıçı-tərcüməçilər Yaşar Əliyev, Etimad Başkeçid, İlqar Əlfi Azərbaycan dilində ilk dəfə işıq üzü görən əsərlərin bədii məziyyətindən, Dostoyevski və Platonov dühasından söz açıb, bədii tərcümənin xalqlararası dostluq körpüsü rolunu oynadığını bildiriblər.