Laçın rayonunun yenidən qurulan Zabux kəndinə növbəti köç reallaşıb. Bakı və Abşeronda məskunlaşan 20 ailə noyabrın 16-da “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonuna yola salınıb.

Tərtər (2 ailə), Bərdə (1), Qax (1) və Lənkəran (1) rayonlarında məskunlaşmış daha 5 ailə də doğma yurda yola salınıb. Onlar Horadiz şəhərində köç karvanına qoşularaq birlikdə Laçına gediblər.

Zabuxa gələn 25 ailə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşları tərəfindən qarşılanıb və kənddəki evlərdə yerləşdirilib.

Xatırladaq ki, kəndə 21 ailədən ibarət ilk köç bu il avqustun 25-də gerçəkləşmişdi. Bununla da Laçın rayonunun Zabux kəndinə köçürülən ailələrin sayı 46-ya çatıb.