Noyabrın 16-da IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb. “Birləşmiş mədəniyyətlər forumu” adı altında gerçəkləşən builki forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edir.

Azərbaycan tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Noyabrın 18-dək davam edəcək forumun işçi proqramı “Tarixin mədəniyyət vasitəsilə dərki”, “Süni intellekt – mədəniyyət üçün təhlükə, yoxsa fayda”, “Ənənəvi mədəniyyət sivil cəmiyyətin qurulmasının təməli kimi” üç blokdan ibarətdir.

Forum çərçivəsində “Ümumi səhnə: teatrların əməkdaşlığı dünya mədəniyyətlərinin birləşməsinin simvolu kimi”, “Ənənələr müasirdir. Müasir kontekstdə mədəni irsin qorunması və aktuallaşması təcrübəsi”, “Əcdadların vəsiyyət etdiyi irs. Etnomədəni sərvət – xalqların qarşılıqlı anlaşmasına yol”, “Dəyərlər – ənənəvi, alətlər – yeni: mədəniyyətin videooyunlarda populyarlaşması”, “Teatrda innovasiyalar və mədəniyyət sahəsində təhsilin gələcəyi” və s. mövzularda panel diskussiyaları, dəyirmi masalar, digər tədbirlər təşkil ediləcək.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin tədbir çərçivəsində rusiyalı həmkarı Olqa Lyubimova ilə görüşü, Dövlət Ermitajında Azərbaycan zalı, dahi bəstəkar Üzeyir Hacıbəylinin Rusiyanın şimal paytaxtında ucaldılacaq abidəsinin məkanı ilə tanışlığı gözlənilir. Bundan başqa, nazirin forumun plenar iclasında iştirakı, həmçinin “Mədəni suverenlik dövlət kimliyinin əsası kimi” adlı tədbirdə çıxışı nəzərdə tutulub.

Mədəniyyət Nazirliyi nümayəndələrinin forumun bölmə və panellərində çıxışları olacaq.

Forumun sonunda “Ermitaj” mükafatının təqdimat mərasimi keçiriləcək.