Çin Xalq Respublikasının Nanjing Muzeyinin 90 illik yubileyinə həsr olunmuş Muzey direktorlarının II beynəlxalq forumu keçirilib. Nanjing İncəsənət Universiteti və Beynəlxalq Muzeyşünaslıq Məktəbinin təşkilatçılığı ilə gerçəkləşən foruma bir sıra ölkələrdən nümayəndələr qatılıblar.

Forumda Milli Azərbaycan Tarixi Muzeyi Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova və Fotoneqativ materiallar fondunun müdiri Afət Kərimova iştirak ediblər.

Açılış mərasimində çıxış edən Z.İsmayılova Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan-Çin tarixi əlaqələrini əks etdirən əhəmiyyətli eksponatlarından danışıb, eyni zamanda muzeylərdə rəqəmsallaşmanın əsas prioritetlərdən olduğunu qeyd edib. A.Kərimova isə forumun ikinci hissəsi – “Mədəniyyət və muzeylərin rəqəmsallaşdırılması” adlı sammitdə “Muzeylər və rəqəmsal texnologiya” mövzusunda məruzə edib. O, rəqəmsal texnologiyanın imkanları, muzey sahəsində tətbiqi və effektiv təsirləri barədə geniş məlumat verib.

Muzeyin hər iki əməkdaşının çıxışları maraqla qarşılanıb.

Sonda iştirakçılara Nanjing İncəsənət Universiteti və Beynəlxalq Muzeyşünaslıq Məktəbinin kataloqları hədiyyə edilib.