Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasında ukraynalı opera rejissoru Nikola Tretyakın quruluşunda səhnəyə qoyulan "Sevgi şərbəti" operası nümayiş olunub.

Tamaşada ilk dəfə çıxış edən, Nemorino rolunu canlandıran Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımovun ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Əməkdar artistin ifasında ikinci pərdədə səslənən “Una furtiva lagrima” ariyası tamaşanın ən yaddaqalan anlarından biri olub.

Eyni zamanda, ilk dəfə tamaşada çıxış edən Mahir Tağızadə Belkore obrazını özünəməxsus təqdim edib. Operanın baş rol ifaçısı Əməkdar artist İnarə Babayeva (Adina) və Xalq artisti Əkrəm Poladov (Dulkamara) öz partiyalarını yüksək peşəkarlıqla ifa ediblər. Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivinin professional ifaları da özünəməxsusluğu ilə seçilib.

70-ə yaxın operanın müəllifi olan görkəmli italyan bəstəkarı Qaetano Donisettinin yaradıcılığında “Sevgi şərbəti”, “Lüçiya Di Lammermur”, “Don Paskuale”, “Favoritka” kimi operalar xüsusi yer tutaraq ona dünya şöhrəti gətirib.

“Sevgi şərbəti” operasını Q.Donisetti çox qısa bir müddətdə - iki həftə ərzində yazıb tamamlayıb. Tamaşa ilk dəfə 1832-ci ildə Milan Teatrında səhnəyə qoyulub, bundan sonra dünyanın bir çox teatrlarının repertuarına daxil edilib.