Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşəbbüsü ilə noyabrın 25-də Azərbaycan klassik vokal məktəbinin görkəmli nümayəndəsi, Prezident mükafatçısı, Xalq artisti Əli Əsgərova (1961-2023) həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Bakı Musiqi Akademiyasının Opera studiyasında gerçəkləşəcək anım gecəsində Əli Əsgərovun həyat və yaradıcılığından bəhs edən filmin ilk təqdimatı olacaq.

Eyni zamanda vokalçının öz ifası və vaxtilə çıxış etdiyi operalardan məşhur ariyalar səslənəcək.

Əli Əsgərov 25 noyabr 1961-ci ildə Bakıda anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib. 1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. Teatrın səhnəsində bir çox opera tamaşalarında, eləcə də Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə opera festivallarında, vokal müsabiqələrində çıxış edib, laureat adını qazanıb. 1997-ci ildə Bakıda Bülbül adına Vokalçıların I Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatçısı olub.

1998-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.

Tanınmış vokalçı, Xalq artisti Əli Əsgərov bu il fevralın 23-də, ömrünün 62-ci ilində vəfat edib.