Böyük dramaturq, şair, yazıçı Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə onun adını daşıyan Azərbaycan Dövlət Teatr Muzeyində tədbir keçirilib. Tədbir Cəfər Cabbarlının Ev-Muzeyi ilə birgə təşkil edilib.

Tədbirdə çıxış edən Dövlət Teatr Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova Cəfər Cabbarlının yaradıcılığından, onun Azərbaycan mədəniyyəti tarixində xidmətlərindən danışıb.

Sonra Cəfər Cabbarlının həyat və yaradıcılığı ilə bağlı Dövlət Teatr Muzeyinin fondundakı materiallar əsasında hazırlanmış videoçarx nümayiş olunub.

Dramaturqun yaradıcılığı, əsərlərinin səhnə təcəssümü haqqında məruzələr dinlənilib.

Akademik Milli Dram Teatrının aktrisası Məsmə Ağaverdiyeva (Əməkdar artist) ədibin “Ey dan ulduzu”, Bakı Bələdiyyə Teatrının aktyoru Toğrul Rza “Məhkum Şərqə” və “Azərbaycan bayrağına” adlı şeirlərini qiraət ediblər. Əməkdar artist Rəşad İlyasovun ifasında (qanun) Cəfər Cabbarlının “Azad bir quşdum” mahnısı (“1905-ci ildə” dramından Sonanın mahnısı) səslənib.