![](/img/news/700x420/11338.jpg)
“Dünya Gənc Türk Yazarlar Birliyi-15: mükafatlandırma mərasimi və türk dünyası şeir axşamı” adı altında reallaşan tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Almaniya, Ukraynanın Krım Muxtar Respublikası, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərləri, Başqırdıstan, Saxa, Çuvaşıstan respublikalarından, Moldovanın Qaqauz Yeri məkanından gəlmiş ədiblər iştirak edirlər.
Birliyin rəhbəri Əkbər Qoşalı açılış mərasimindəki çıxışında ötən 15 ilə nəzər salaraq bu müddətdə bir çox layihələrin həyata keçirildiyini deyib. Qeyd olunub ki, birliyin 15 illik fəaliyyəti münasibətilə türk dünyası ədəbiyyatının dünəni, bu günü və sabahını əhatə edən nəşr hazırlanacaq.
Milli Məclisin deputatları Nizami Cəfərov və Qənirə Paşayeva çıxış edərək türk dünyası ədiblərinin bir-birini yaxından tanımasında birliyin əhəmiyyətli rol oynadığını bildiriblər. Vurğulanıb ki, xalqlar arasında birliyin və həmrəyliyin yaradılmasında yazıçı və şairlərin üzərinə böyük məsuliyyət düşür.
Tədbirdə təşkilatın 15 illik fəaliyyəti dövründə böyük nailiyyət qazanmış, ədəbi uğurlara imza atmış ədiblərə birliyin mükafatları təqdim edilib. Ədiblər şeir nümunələri söyləyib, Azərbaycanın incəsənət nümayəndələri mahnılar ifa ediblər. Türk dünyası gənc yazıçı və şairlərinin Bakı görüşü iyulun 3-də başa çatacaq.