Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən yeni sənədli film belə adlanır
XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən sayılan Xalq yazıçısı İlyas Əfəndiyev o xoşbəxt sənətkarlardandır ki, onu tez-tez anmaq, xatırlamaq, yada salmaq üçün səbəblər çoxdur. Çünki onun yaradıcılığı Azərbaycan ədəbiyyatının və mədəniyyətinin ayrılmaz bir parçasıdır.
Martın 30-da “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində İlyas Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən “Ləyaqət hücrəsi” sənədli filminə baxış oldu. Tədbirdə baş nazirin müavini, Xalq yazısı Elçin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Ədalət Vəliyev, “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri, millət vəkili Arif Alışanov, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyev, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak edirdi.
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyində istehsal olunan filmin ssenari müəllifi sənətşünaslıq doktoru, professor İlham Rəhimli, rejissoru Tariyel Vəliyev, operatoru Mətləb Yaqubovdur.
Filmdə qüdrətli nasir və dramaturqun həyat və yaradıcılığı tarixi faktlarla tamaşaçılara təqdim olunur. “Kənddən məktublar”ın ədəbiyyat körpüsü”, “Teatrla İlyas Əfəndiyevin nağılı”, “Siz həmişə bizimləsiniz”, “Unuda bilmərik...”, “Məhv olmayan gündəliklər”, “Geriyə müdrik baxışlar”, “Dünya dünya içində”, “Babalıq kürsüsü” bölmələrindən ibarət olan filmdə AzTV-nin arxiv materiallarından istifadə olunub. Mətni Xalq artisti Laləzar Mustafayeva və aktyor Elşən Rüstəmov səsləndiriblər.
Filmin nümayişindən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, dövlətin mədəniyyətə diqqət və qayğısından söz açdı, mədəniyyətimizin təbliğində televiziyanın rolundan, qısa müddətdə böyük tamaşaçı rəğbəti qazanan “Mədəniyyət” kanalının uğurlarından danışdı. Nazir ədəbiyyatımızda, mədəniyyətimizdə xüsusi yeri olan İlyas Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən filmi yüksək dəyərləndirdi. İlyas Əfəndiyev bütün yaradıcılığı boyu əbədi mövzulara müraciət etdiyi üçün onun yaradıcılığının bütün zamanlar üçün müasir olduğunu bildirdi. Qeyd olundu ki, hər il milli teatr mövsümü İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında “Hökmdar və qızı” əsəri əsasında hazırlanan “Qarabağnamə” tamaşası ilə açılır və Qarabağ torpağı düşmən tapdağından azad olunanacan bu ənənə davam edəcək. Nazir uğurlu ekran əsərinə görə televiziyanın rəhbərliyini və yaradıcı heyəti təbrik etdi.
Xalqının yaddaşında böyük abidə
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə səmimi bir filmin araya-ərsəyə gəlməsində əməyi olan yaradıcı kollektivə təşəkkürünü bildirdi. Qeyd etdi ki, filmin uğuru onun obyekti, mövzusu ilə bağlıdır: “Böyük şəxsiyyətlər, dahi insanlar öz yaradıcılıqları ilə xalqının yaddaşında böyük bir abidə qoyub gedirlər. Onlar haqqında söz demək də, film çəkmək də çətindir. Çünki hər kəsin yaddaşında İlyas Əfəndiyevin özünəməxsus, böyük bir obrazı var. Necə edəsən ki, hamının sevdiyi İlyas Əfəndiyevi bir daha hamıya sevdirəsən? Bu film isə tarixin qəbul etdiyi, Azərbaycan xalqının özünə mənəviyyat zirvələrindən hesab etdiyi İlyas Əfəndiyev haqqında səmimi, nəğmə kimi bir filmdir”.
Xalq artisti, professor Amaliya Pənahova da Azərbaycan Dövlət Televiziyasında İlyas Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən filmin çəkilməsini yüksək dəyərləndirdi. Son illər Azərbaycan televiziyasında ədəbiyyatımıza, tariximizə, teatrımıza, kinomuza daha çox yer ayrıldığını qeyd etdi: “Bu film bizi yenidən İlyas Əfəndiyevli günlərimizə qaytardı. Mən öz sənət həyatımda İlyas Əfəndiyevin dramaturgiyasına borcluyam. İlyas Əfəndiyevin 15 əsərində baş rolu ifa etmişəm”. Xalq artisti İlyas Əfəndiyev fəlsəfəsini, dünyagörüşünü açmaq üçün onun haqqında bundan sonra da filmlər çəkiləcəyini qeyd etdi, yaradıcı qrupun zəhmətini yüksək dəyərləndirdi.
Məhəbbət, sevgi dolu film
Mərasimdə çıxış edən ədibin oğlu, Xalq yazıçısı Elçin Azərbaycan Televiziyasının rəhbəri Arif Alışanova, filmin yaradıcı heyətinə - ssenari müəllifi İlham Rəhimliyə, rejissor Tariyel Vəliyevə dərin təşəkkürünü bildirdi: “Bu filmi səciyyələndirən bir sözə ehtiyac olsaydı mən deyərdim ki, səmimiyyət. Həqiqətən çox səmimi, məhəbbət, sevgi dolu bir filmdir. Bu da filmin obyektinin şəxsiyyətindən irəli gəlir. İlyas Əfəndiyev bütün şəxsiyyəti etibarilə son dərəcə səmimi bir insan idi. Bütün içi sevgi ilə dolu idi. Buna görə də həmin səmimiyyəti, sevgisi, məhəbbəti ilə 60 illik yaradıcılığında sənətə, ədəbiyyata, mədəniyyətə xidmət etdi. Bu, Azərbaycan ədəbiyyatından, Azərbaycan yazıçısının həyatından, yaradıcılığından bəhs edən bir filmdir”.
Xalq yazıçısı sonda Əfəndiyevlər ailəsi adından tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Təranə Vahid