London Kitab Sərgisi
Bu sərgidə 100-ə yaxın ölkənin ən nəfis kitabları dil açıb ölkələri, xalqları, mədəniyyətləri, incəsənətləri, tarixləri, mətbəxləri, ədəbiyyatları haqqında danışdılar. Kitab sənətinin son nailiyyətləri də bu sərgidə nümayiş olundu.
Xəbər verdiyimiz kimi, aprelin 16-dan 18-dək Britaniya paytaxtında dünyanın ən böyük kitab bayramlarından olan ənənəvi London Kitab Sərgisi (London Book Fair) keçirilib. Dünyanın 100-ə yaxın ölkəsinin iştirak etdiyi tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, şöbənin məsləhətçisi Elbəy Əli, “Şərq-Qərb” ASC-nin müşahidə şurasının sədri Abdulla Əsgərov, onun müavini Anar Namazov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun və “Avrasiya press” nəşriyyatının sədri Umud Rəhimoğlu daxil idi.
Sərgi zəngin təəssüratlarla yadda qalıb.
“Sərgidə ölkəmizə böyük marağın şahidi olduq”
Elbəy Əli, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi:
- Ölkəmiz London Kitab Sərgisində 2009-cu ildən iştirak edir və qeyd edim ki, bu sərgilərdə ölkəmizin icarəyə götürdüyü stendlərin sahəsi də ilbəil genişlənir. 2009-2010-cu illərdə kitablarımız 6, 2011-ci ildə isə 10 kvadratmetr sahədə nümayiş olunmuşdusa, bu il 21 kvadratmetrlik stend icarəyə götürülmüşdü. Bu artım sərgidə ölkəmizə, mədəniyyətimizə, tariximizə böyük marağın nəticəsidir. Sərgidə Azərbaycan, ingilis və rus dillərində nəşr olunan və müxtəlif sahələri əhatə edən 200 adda 500 nüsxə çap məhsullarımız nümayiş olunurdu. Dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə həsr olunmuş nəfis tərtibatlı çap məhsulları sərgi iştirakçılarının böyük marağına səbəb oldu. Ölkəmiz haqqında müxtəlif jurnallar, turistlər üçün bələdçi xarakterli bukletlər, kitabçalar, xəritələr, CD-lər və s. iştirakçılara hədiyyə olundu. Sevindirici haldır ki, sərgi iştirakçılarına Azərbaycanda gedən inkişaf prosesindən, quruculuq işlərindən, mədəniyyətimizin qədim tarixindən, eyni zamanda Qarabağ problemindən informasiyalar çatdırılırdı. Hər zaman olduğu kimi, bu sərgidə də ölkənin müxtəlif nəşriyyatlarının çap məhsulları nümayiş olunurdu. Prezidentin sərəncamı ilə kütləvi tirajla nəşr olunmuş dünya ədəbiyyatı nümunələrinə, 2012-ci ildə yubileyi keçiriləcək dahi sənətkarlar N.Gəncəvi, M.F.Axundzadə, M.Ə.Sabir, Ə.Cavad və H.Cavidin əsərlərinə xüsusi yer ayrılmışdı.
- Sərgidə hansı ölkənin çap məhsulları xüsusi maraq doğurdu?
- Budəfəki London Kitab Sərgisinin fəxri qonağı Çin Xalq Respublikası idi. Onlar çox böyük ərazidə öz ölkələrinin tarixlərini, mədəniyyətlərini təqdim edirdilər. Kitablarının yüksək poliqrafiyası, çap işi sahəsində əldə etdikləri nailiyyətlər maraq doğururdu. Müşahidələrimə əsasən deyə bilərəm ki, dünyada elektron kitaba maraq, tələbat artır və getdikcə kitab bazarında üstünlük qazanır. Belə ki, bir elektron kitabda iki minə yaxın ənənəvi kitabın materialını çox rahat yerləşdirməklə yanaşı, istədiyin yerə apara da bilərsən. Kitab sərgilərində müşahidə etdiyim məqamlardan biri də nəşriyyatların fərdi şəkildə bu cür tədbirlərdə iştirakıdır. Bu sərgidə də müxtəlif ölkələrin nəşriyyatlarının sıx əməkdaşlığının şahidi olduq. Nəşriyyatlar bir-biriləri ilə danışıqlar aparır, anlaşmalara imza atır, birgə layihələr həyata keçirməyi planlaşdırırdılar.
- Sərgidə əsasən hansı mövzulu və formatlı kitablara üstünlük verilirdi?
- Müşahidələr və söhbətlər zamanı məlum oldu ki, müasir oxucu daha çox yumşaq cildli, kiçik ölçülü, necə deyərlər, cibdə daşınması mümkün olan nəşrlərə və elektron kitablara həvəs göstərir.
- Beynəlxalq kitab sərgilərində iştirak etmək, yəqin ki, ölkəmizdə fəaliyyət göstərən nəşriyyatların işinə müsbət təsir edir...
- Mədəniyyət və Turizm Nazirliyi hər il müxtəlif kitab sərgilərində iştirak edir, həmin sərgilərdə müxtəlif nəşriyyatlar da təmsil olunur. Nəşriyyatlarımız dünyada gedən prosesləri yaxından izləməyə, müəyyən örnəkləri öz işlərində tətbiq etməyə, özlərinə beynəlxalq tərəfdaşlar tapmağa imkan qazanırlar. Hesab edirik ki, bu, Azərbaycanda nəşriyyat işinin inkişafına çox müsbət təsir göstərir.
- Ümumiyyətlə, beynəlxalq sərgilərdə, festivallarda iştirak etmək həm də ölkəmizin təbliğinə xidmət edir...
- Əlbəttə. London Kitab Sərgisi də ölkəmizlə maraqlanan, onu görmək, mədəniyyətimizlə tanış olmaq istəyən insanlara bir imkan yaratdı ki, onlar kitablar vasitəsilə bizi daha da yaxından tanısınlar. Bu sərgi vasitəsilə də yeni dostlar qazandıq, nəşriyyatlarımız isə yeni əlaqələr, əməkdaşlıqlar qurmağa imkan tapdılar. Ölkəmizə böyük marağın şahidi olduq. Sərgi ölkəmizə artan maraqla və onun haqqında doğru-düzgün məlumatları bilən insanların sayının getdikcə çoxalması ilə yadda qaldı.
“Kitablarımız dizaynı və mövzu rəngarəngliyi ilə diqqəti cəlb etdi”
Anar Namazov, “Şərq-Qərb” ASC-nin baş direktorunun müavini:
- Hər il Böyük Britaniyanın paytaxtı Londonda ənənəvi olaraq kitab sərgisi keçirilir. “Reed Exhibitions” şirkətinin təşkilatçılığı ilə keçirilən builki sərgidə dünyanın əksər dövlətlərindən 23 minə qədər iştirakçı və media nümayəndələri iştirak edirdi. Sərgidə “Şərq-Qərb” nəşriyyat evinin və digər nəşriyyatların nəşr etdikləri çap məhsulları nümayiş etdirildi. Azərbaycan tarixinə, mədəniyyətinə, elminə aid kitablar iştirakçıların böyük marağına səbəb oldu. Bundan başqa, uşaq ədəbiyyatı və ensiklopediyaları, Prezident İlham Əliyevin sərəncamı ilə nəfis şəkildə çap olunmuş dünya ədəbiyyatı seriyasından nəşr əsərləri öz dizaynı və mövzu rəngarəngliyi ilə ziyarətçiləri cəlb etdi. İngilis dilinə tərcümə olunmuş kitablara maraq daha böyük idi. Sərgidə İngiltərənin “Thames and Hudson”, Çexiyanın “Findir”, Braziliyanın “Cedic” nəşriyyatları və ingilis tərcüməçi Silvia Parnell ilə birgə əməkdaşlığa dair ilkin danışıqlar aparıldı.
“Sərgilər qarşılıqlı təcrübə mübadiləsi üçün mühüm imkandır”
Umud Rəhimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri:
- Dünyanın ən nəhəng kitab naşirlərinin toplaşdığı beynəlxalq kitab sərgisində Azərbaycanın iştirakı, sözsüz ki, çox əlamətdar hadisədir. Belə sərgilərdə iştirak etmək kitab nəşri sahəsində təcrübəmizin artmasına, bu istiqamətdə müasir texnologiyalardan istifadə metodları ilə tanışlığa, dünyanın aparıcı kitab nəşriyyatları ilə əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə xidmət edir.
Biz bu sərgi günlərində Türkiyə, Rusiya, Belarus və digər ölkələrdən olan nəşriyyatlarla təcrübə mübadiləsi apardıq. Sərgidə Azərbaycanın bir çox nəşriyyatlarının nümunələri, o cümlədən Heydər Əliyev Fondu tərəfindən çap edilmiş yüksək səviyyəli nəşrlər nümayiş etdirilirdi.
Sərgiyə gələn qonaqlar, nəşriyyat nümayəndələri Azərbaycan kitablarının nümayiş olunduğu köşkün qarşısında ayaq saxlayır, müxtəlif nəşrlərimizlə yaxından tanış olurdular. Biz sərgidə Beynəlxalq Avrasiya Mətbuat Fondunun nəzdində fəaliyyət göstərən “Avrasiya-Press” nəşriyyatının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çap olunmuş kitablarla iştirak edirdik.
Qeyd etməliyəm ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizdə kitab sərgilərinin keçirilməsi artıq ənənə halını alıb. Bütün bunlar, söz yox ki, ədəbiyyatımızın inkişafına xidmət edən çox ciddi amildir. Heç kəsə sirr deyil ki, məlum hadisələrdən sonra ölkəmizdə kitaba maraq azalmışdı, oxucu qıtlığı yaranmışdı, amma bu gün oxucu kitab axtarır. Bu, dövlətimizin kitab işinə göstərdiyi diqqətin nümunəsidir.
Sonda qeyd etmək istərdim ki, belə yüksək nüfuzlu sərgidə iştirakımızın bundan sonrakı fəaliyyətimizə böyük köməyi olacaq.
Təranə Vahid