Beynəlxalq konfrans işə başlayır
   
   Aprelin 27-də “Excelsior Bakı” hotelində \\\"Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri” adlı beynəlxalq konfransın açılışı olacaq.
   
   Mötəbər tədbir Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO-nun Dünya İrs Mərkəzinin məşvərətçi orqanları olan Mədəni Mülkiyyətin Mühafizəsinin və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) və Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS), eləcə də Azərbaycan Memarlıq və İnşaat Universiteti və İtaliyanın Romualdo del Bianko Fondunun birgə tərəfdaşlığı ilə keçirilir. Bakı konfransında UNESCO-nun Dünya İrs Siyahısında yer alan və UNESCO-nun Dünya İrs Obyektlərinin yerləşdiyi tarixi şəhərlərdə urbanizasiya proseslərinin şəhərlərin tarixən formalaşmış landşaftına təsirləri müzakirə olunacaq. Aprelin 29-dək davam edəcək konfransın işi 4 sessiyada gerçəkləşəcək.
   Tədbirə mədəni irsin mühafizəsi və inkişafı sahəsində fəaliyyət göstərən dünyanın nüfuzlu elm adamları, ekspert və siyasətçilər dəvət olunub. İCCROM-un baş direktoru Stefano De Karo, İCOMOS-un prezidenti Qustavo Aravoz, Romualdo del Bianko Fondunun prezidenti Paolo Del Bianko və İtaliya, Fransa, Çexiya, Portuqaliya, Polşa, Almaniya, ABŞ, Kanada, Braziliya, Meksika, Çin, Yaponiya, İsveç, İsrail və digər ölkələrin milli İCOMOS komitələrinin rəhbərləri ölkəmizdə səfərdədirlər.
   Qeyd edək ki, konfrans çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
   Aprelin 24-də Memarlıq və İnşaat Universitetində “Dərəcə və ixtisas” regional tələbə festivalı keçirilib. Tədbirin keçirilməsində məqsəd regionun müxtəlif ölkələrində yerləşən universitet tələbələrinə öz buraxılış işlərini nümayiş etdirmək, məşhur memarların mühazirə və seminarlarında iştirak etməklə onların təcrübələrindən yararlanmaq idi. Layihənin təşəbbüskarı olan Romualdo del Bianko Fondu tələbə-məzunların buraxılış işlərini xüsusi virtual bazada toplayır. Bu da öz növbəsində məzunlar üçün Fondla əlaqəli olan memarlıq-inşaat şirkətlərində gələcək karyera qurmaq imkanını qazandırır. Azərbaycanda artıq ikinci dəfə keçirilən bu layihə eyni zamanda regionda fəaliyyət göstərən ali təhsil müəssisləri arasında əlaqələrin gücləndirilməsinə zəmin yaradır.
   Beynəlxalq konfrans çərçivəsində daha bir tədbir aprelin 25-də Azərbaycan Turizm İnstitutunda gerçəkləşib. İCCROM-un sabiq baş direktoru, Romualdo del Bianko Fondunun xarici əlaqələr üzrə koordinatoru Mark Laenenın moderatorluğu ilə “Mədəni irs - davamlı sosial inkişafın əsası” mövzusunda seminar keçirilib. Tədbirdə tarix və mədəniyyət abidələrinin bərpasına diqqətin artırılmasının önəmi qeyd olunmaqla, onlara investisiya qoyuluşlarının verə biləcəyi müsbət nəticələrdən bəhs edilib. Mədəni turizmin və irsin davamlı sosial inkişafın dinamikasına təsirləri ilə bağlı müzakirələr aparılıb, bu sahə üzrə dünyada ən parlaq nümunələr barədə məlumat verilib, eyni zamanda irsin innovativ metodlarla idarə olunması və inkişafı ilə bağlı nümunələr təhlil edilib.
   Aprelin 26-da Memarlıq və İnşaat Universitetində dahi italyan rəssamı və memarı Leonardo da Vinçinin büstünün açılışı olub. Mərmər büst Romualdo del Bianko Fondunun (Florensiya) universitetə hədiyyəsidir. Mərasim İtaliyanın Bakıdakı səfirliyinin dəstəyi ilə gerçəkləşib.
   Beynəlxalq konfransda Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilmiş Azərbaycan torpaqlarındakı mədəni irsdən bəhs edən «Müharibə və irs» adlı fotosərgi də nümayiş etdiriləcək. Sərginin bir qismi müasir dövrü əks etdirir və yeni əldə edilmiş fotoşəkillərdən ibarətdir.
   
   Mehparə