Nüfuzlu “The Business Year” jurnalı artıq ikinci dəfədir ki, ölkəmizə xüsusi buraxılış həsr edir
Mayın 8-də Bakıda Prezident Administrasiyasının və “The Business Year” jurnalının təşkilatçılığı ilə nəşrin “Azerbaijan 2012” xüsusi buraxılışının (“The Business Year-Azerbaijan 2012”) təqdimat mərasimi keçirilib.
Jurnalın ölkə meneceri Bətul Çakaloğlu “Eurovision” mahnı müsabiqəsinə həsr olunmuş buraxılışda Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, 160-dək hökumət və iş adamının müsahibələrinin yer aldığını deyib. Xatırladaq ki, ötən il “The Business Year” jurnalının “Azerbaijan 2011” adlı xüsusi buraxılışı işıq üzü görmüşdü.
Mərasimdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ikinci dəfədir ki, bu jurnalın xüsusi buraxılışının Azərbaycana həsr olunduğunu bildirib. “The Business Year” kimi nüfuzlu bir jurnalın xüsusi buraxılışının ikinci dəfə ölkəmizə həsr olunmasını əhəmiyyətli hadisə kimi qiymətləndirib. Ə.Həsənov ölkəmizin dünyanın diqqət mərkəzində olduğunu, BMT Təhlükəsizlik Şurasına üzv seçildiyini nəzərə çatdırıb. Şöbə müdiri bu il bütün beynəlxalq aləmin nəzərlərinin “Eurovision” mahnı müsabiqəsi ilə bağlı Azərbaycana yönəldiyini bildirib: “Biz milli mədəniyyətimizlə, incəsənətimizlə fəxr edirik. Çünki Azərbaycan mədəniyyəti, incəsənəti bütün zamanlarda ümumbəşəri mədəniyyət xəzinəsinə layiqli töhfələr verib. Azərbaycan milli mənəvi dəyərlər, plüralizm və dini tolerantlıq baxımından bəzi Avropa ölkələrindən irəlidədir. Bunu qısqanclıqla qarşılayan bəzi qüvvələr isə ölkəmizin imicinə ziyan vurmağa çalışırlar”.
Şöbə müdiri qeyd edib ki, “Eurovision” müsabiqəsi Azərbaycan üçün məqsəd deyil, vasitədir: “Biz bu vasitə ilə Azərbaycanın mədəniyyətini, tolerantlığını dünya ictimaiyyətinə çatdırmaq istəyirik. Biz bütün dünyaya nəyə nail olduğumuzu, “Eurovision” kimi müsabiqəni yüksək səviyyədə təşkil edə bildiyimizi sübut edəcəyik. Ölkəmizə gələnlər Azərbaycanın dostları kimi geri dönəcəklər”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalın ölkəmizə həsr edilmiş xüsusi buraxılışı münasibətilə mərasim iştirakçılarını təbrik edib. Jurnalın nəfis şəkildə buraxıldığını qeyd edən nazir bildirib ki, Azərbaycanın dünyada təbliği baxımından 18-20 il əvvəllə müqayisə etsək görərik ki, bu gün ölkəmiz dünyada kifayət qədər tanınır.
Ə.Qarayev dövlət başçısının göstərişinə əsasən Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyəti günlərinin keçirildiyini qeyd edib. İl ərzində Azərbaycanın turizm potensialı barədə məlumatların 15 ölkədə təqdim olunduğunu, ölkənin azı 10 sərgidə iştirak etdiyini diqqətə çatdırıb. Nazir ötən il Azərbaycana gələn turistlərin sayının 2 milyon 234 min nəfər olduğunu və turistlərin sayının 14 faiz artdığını deyib.
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov ölkəmizin uğurlu inkişafının dünyada tanıdılması baxımından jurnalın xüsusi buraxılışının əhəmiyyətini vurğulayıblar.
Jurnalın redaktoru Ceyson Nesh son illər Azərbaycanın dünyada artan nüfuzundan, iqtisadi və siyasi cəhətdən əldə etdiyi nailiyyətlərdən danışıb. O, xüsusi buraxılışda Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, sosial-siyasi həyatı barədə maraqlı məqalə və müsahibələrin dərc olunduğunu bildirib.