Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar Abşeron rayon Mədəniyyət evində tədbir keçirilib.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova Şuşanın tarixi, mədəni irsi, bu şəhərin yetirdiyi görkəmli insanların milli mədəniyyətimizə verdiyi misilsiz töhfələrdən söz açıb. Qeyd olunub ki, Şuşa şəhəri XIX-XX əsrlərdə Azərbaycan mədəniyyətinin incisi, tacı və incəsənət beşiyi olub.
Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının truppasının ifasında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” pyesindən parçalar göstərilib.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib: “Biz inanırıq ki, öz torpağımıza qayıdacağıq. Xalqımız Ali Baş Komandanın əmrini gözləyir. Azərbaycanın qüdrətli ordusu, müasir silahları, ən başlıcası isə işğal olunmuş əraziləri azad etməyə hazır olan oğulları vardır”.
Mədəniyyət evinin foyesində Şuşa rəssamlarının foto və rəsm əsərlərindən ibarət “20 il Şuşasız...” adlı sərgi təşkil edilib.