Rusiyalı rəssam İqor Burqanovun əsərləri Xalça Muzeyində sərgilənir
Mayın 12-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Rusiyanın Əməkdar rəssamı, sənətşünaslıq namizədi, Rusiya İncəsənət Akademiyasının müxbir üzvü İqor Burqanovun “Müasir xalça” adlı sərgisi açıldı. Muzeyin və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən sərgidə sənətsevərlərə əsrarəngiz xalça nümunələri və eskizləri təqdim olundu.
İqor Burqanov 1973-cü ildə Moskvada, əslən Bakıdan olan tanınmış rəssam və heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü Aleksandr Burqanovun ailəsində dünyaya gəlib. Rəssam sənətin müxtəlif növlərinə, o cümlədən heykəltəraşlığa müraciət edir, axtarışlar aparır, sərgilər keçirir, pedaqoji fəaliyyətlə məşğul olur. Lakin son illərdə onu xüsusilə cəlb edən sənət sahəsi xalçaçılıqdır. Azərbaycan xalçalarının əsrarəngiz gözəlliyi, əlvan koloriti, toxunma texnologiyası ilə tanışlıq və atasının söhbətləri onu bu sənətin sirlərini öyrənməyə sövq edib. Onun hazırladığı eskizlər əsasında qədim ənənələrdən istifadə edərək yeni xalça nümunələri yaradılır. Sərgidə rəssamın eskizləri əsasında toxunmuş «Əl», «Günəşin doğuşu», «Burulğan», «Planetin cazibə qüvvəsi», «Uçuş», «Quş», «Mənzərə» və s. kimi xalçalar nümayiş olunur.
Tədbirdə öncə muzeyin direktoru Röya Tağıyeva rəssamın yaradıcılığından danışdı: «Sənətkarın son dərəcə dərin məna kəsb edən dolğun obrazları özünəməxsus dillə - qədim bədii mədəniyyətimizin əvəzsiz növü olan xalçaların dili ilə əks olunub. Rəssam ona ruhən yaxın olan Azərbaycan xalçasının estetikası vasitəsilə ətraf aləmi dərk edir».
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəssamın əsərlərində ənənəyə sadiqliklə yanaşı, sənətə yeni baxışın da özünü göstərdiyini dedi: “İqor Burqanov xalça ənənəsinə yeni baxış, forma gətirib. Bu formanı, yeni baxışı nə qədər genişləndirsə, Azərbaycan xalçası haqqında dünyada o qədər geniş məlumat olacaq».
Qeyd olundu ki, rəssam “Göy xoşbəxtlik quşu” rəsm aksiyasının müəllifidir. Onun yaratdığı “Xoşbəxtlik quşu” rəmzi Avropa və Rusiyanın bir çox bədii arxitektura obyektlərində istifadə olunub. Rəssamın yaradıcılıq palitrası çox rəngarəngdir. O, heykəl portretlər ustası kimi də tanınır.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin ölkələrimiz arasında mədəni əlaqələrdən danışaraq bildirdi ki, Rusiya incəsənətinin Azərbaycan incəsənətinə təsiri məlumdur. Lakin bu gün əks proses - Azərbaycan xalçaçılıq sənətinin Rusiyada bu sahəyə təsiri müşahidə olunur. Burada Azərbaycan xalçasının fəlsəfəsi və məntiqi başqa səviyyədə nümayiş olunur. Səfir həmçinin Azərbaycan xalça sənətinin yeni inkişaf yoluna qədəm qoyduğunu dedi.
Tədbirdə çıxış edən dünya şöhrətli sənətkar, SSRİ Xalq rəssamı Tahir Salahov rəssamın yaradıcılığında Şərqlə Qərb motivlərinin qovuşduğunu dedi: “Onun yaradıcılığı Şərqlə Qərbin birləşməsidir. Xalçalarında ideya, söz, fikir azadlığı var. Mən ona istedadına görə «sağ ol» deyirəm”.
Tədbirdə İ.Burqanovun atası - keçmiş bakılı, Rusiyanın Xalq rəssamı Aleksandr Burqanovun həmyerlilərinə müraciət çarxı nümayiş etdirildi.
Sonda rəssam özü də çıxış edərək bildirdi ki, sərgi vasitəsilə istənilən mövzuya yeni baxış gətirməyin mümkün olduğunu göstərib: «Bu xalçalarda mənim və mənimlə birgə əziyyət çəkənlərin ruhu var. İstədim göstərim ki, xalça müasir, aktual ola bilir. Ona yeni baxışla baxmaq mümkündür. Adətən mən bir xalça üçün bir neçə eskiz çəkirəm və sonda ən yaxşısını seçirəm. Mənim səhv etməyə haqqım yoxdur. Mən toxuculara düşünülməmiş eskiz verib, sonra fikrimi dəyişə bilmərəm. Bu gün sərgidə nümayiş olunan nümunələr böyük bir yaradıcı heyətin zəhmətinin məhsuludur. Tamaşaçılar nə qədər bu işlərə isti baxsalar, əsərlər o qədər enerji alıb canlanacaq».
Sərgidə Mədəniyyət və Turizm Nazirliyi ilə Xalça Muzeyi tərəfindən hazırlanan və İ.Burqanovun yaradıcılığından bəhs edən kataloq da təqdim olundu.
Gülər