Əfsanəvi Qarabağ atları, musiqi və rəqs sənətimiz bir daha Avropanı heyran etdi
   
   Son illər Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, diplomatiya sahəsində əldə olunan nailiyyətlər, eləcə də milli mədəni irsimizin, incəsənətimizin xaricdə yüksək səviyyədə təbliğ olunması sayəsində ölkəmiz regionda şəksiz liderə çevrilib. Sözsüz ki, bütün bunlar ölkəmizə beynəlxalq təşkilatlarda, həmçinin beynəlxalq səviyyəli tədbirlərdə daha böyük uğurla təmsil olunmasına zəmin yaradır.
   
   Mayın 10-dan 13-dək Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Yelizavetanın taxta çıxmasının 60 illiyi münasibətilə təşkil edilən təntənəli qəbulda Azərbaycan nümayəndə heyətinin yüksək səviyyədə iştirakı da buna bariz nümunədir.
   Nümayəndə heyətinin tərkibinə Azərbaycan Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov, Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov daxil idi. Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanovun rəhbərliyi ilə mədəniyyət və incəsənət xadimləri də iştirak edib.
   
   Xalqımızın mədəniyyətinə, milli atçılıq irsinə böyük maraq
   
   Böyük Britaniya krallarının rəsmi iqamətgahlarından olan tarixi Vindzor qəsrində əlamətdar yubileylə bağlı bayram tədbirləri gerçəkləşib. Mərasimdə Azərbaycan Atçılıq Federasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Avropa Azərbaycan Cəmiyyəti və ölkəmizin səfirliyinin təşkilatçılığı və dəstəyi ilə incəsənət ustalarımızın çıxışları, habelə şan-şöhrəti hələ uzun illər öncə dünyaya yayılmış Qarabağ atlarının nümayiş olunması yubiley tədbirlərinə rəng qatıb.
   Həmsöhbətimiz Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanovun sözlərinə görə, Vindzor qəsrində keçirilən tədbirə Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Afrika, Cənubi Amerika və eləcə də Avropanın bir sıra dövlətləri dəvət olunmuşdular: “Mərasimdə müxtəlif ölkələrin mədəniyyəti, incəsənəti, eyni zamanda atları nümayiş olunurdu. Bildiyimiz kimi, Böyük Britaniya qədim ənənələrin qorunduğu ölkə olduğundan burada at yarışlarına da xüsusi diqqət verilir. Kraliça II Yelizavetanın taxta çıxmasının 60 illiyinə həsr olunmuş tədbirlərdə Hindistan, Rusiya, Oman, İtaliya, Kanada və digər ölkələrdən 1000-dək rəqqas, 550-dən artıq at iştirak edirdi. Həmin mərasimdə Azərbaycan rəqqasları, çaparları, incəsənət və mədəniyyət təmsilçilərinin iştirak etməsi, məşhur Qarabağ atlarının kraliçanın izlədiyi cıdıra çıxarılması, minlərlə tamaşaçı qarşısında atlarla nümunəvi çıxışların nümayiş olunması, hər şeydən öncə, qədim və zəngin tarixi-mədəni irsimizin yüksək auditoriyaya təqdimatı idi”.
   Deyirlər, bir dəfə yaşanmış tarix nə zamansa yenidən təkrar olunur. Londondakı mərasim də bunu bir daha sübut etdi. Hələ 1956-cı ildə SSRİ rəhbərliyi kraliça II Yelizavetaya “Zaman” adlı Qarabağ atı hədiyyə etmişdi. Həmin atı kraliçaya məşhur azərbaycanlı çapar Əli Tağıyev aparmışdı. Üstündən 56 il keçəndən sonra isə müstəqil Azərbaycanın Qarabağ atları kraliçanın izlədiyi cıdırda iştirak etdi. Atları idarə edən çaparlardan biri də Əli Tağıyevin nəvəsi Camal Tağıyev idi. Nəinki bütün Birləşmiş Krallıq ərazisində, o cümlədən müxtəlif ölkələrdə də qeyd edilən yubiley tədbirləri xatırlanası məqamlarla yadda qalıb. Bu məqamlardan biri də Azərbaycan mədəniyyətini və incəsənətini təbliğ edən pavilyon olub.
   Firudin Qurbanovun sözlərinə görə, Vindzor qəsri ətrafında keçirilən tədbirləri beş gün ərzində on minlərlə şəxs ziyarət edib: “Bu tədbirlər çərçivəsində yalnız iki ölkə - Azərbaycan və Omanla bağlı bu ölkələrin milli adət-ənənələrini, tarixini və mədəniyyətini əks etdirən çadır-pavilyon qurulmuşdu. Avropa Azərbaycan Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılan və ölkəmizin zəngin mədəniyyətini, qədim tarixini, müasir inkişafını, milli atçılığın nailiyyətlərini əks etdirən xüsusi guşə iştirakçıların marağına səbəb olub. Qonaqlar bu pavilyonlar vasitəsilə Azərbaycan musiqisi, tarixi və mətbəxi ilə tanış oldular. Eyni zamanda burada Azərbaycan mədəniyyəti və incəsənətinin təqdim olunduğu xüsusi monitorlar qurulmuşdu. Qobustan Milli Tarix-Bədii Qoruğunu, xalça sənətimizi və müasir Azərbaycanın gözəlliklərini, incəsənətimizi nümayiş etdirən monitorlar iştirakçıların diqqətini xüsusi olaraq cəlb edirdi. Tədbirdə həmçinin Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən müxtəlif çap məhsulları da təqdim olundu».
   Tədbirin bir özəlliyi də Avropa Azərbaycan Cəmiyyəti tərəfindən yüksək səviyyədə Azərbaycan milli mətbəxinin təqdimatı ilə bağlı olub. Pavilyonda qurulan çay süfrəsində milli mətbəximizə aid şirniyyatlar - şəkərbura, paxlava qonaqların xüsusilə xoşuna gəlib. Azərbaycan mədəniyyətini dolğun şəkildə təqdim edən pavilyonumuza çoxsaylı ziyarətçilər, o cümlədən müxtəlif ölkələrin nümayəndələri böyük diqqət göstərib. Ziyarətçilərin bir çoxu həvəslə monitorlar vasitəsilə ölkəmizlə bağlı əlavə məlumatlar da alıblar. Sevindirici haldır ki, Avropa Azərbaycan Cəmiyyətinin böyük təşkilati dəstəyi ilə keçirilən bu tədbirlərdə Azərbaycan mədəniyyəti, incəsənəti və mətbəxi ilə Böyük Britaniyanın dövlət və hökumət rəsmiləri, ölkənin müdafiə naziri, lordlar, deputatlar, eləcə də xarici ölkə səfirləri də tanış oldular.
   
   Mədəniyyət və incəsənətimiz layiqincə təmsil olundu
   
   Tədbirlər musiqili proqramlarla da müşayiət olunub, Dövlət Rəqs Ansamblı üzvlərinin rəngarəng çıxışları, milli rəqslərimizin nümayişi ziyarətçilərin böyük marağına səbəb olub. Azərbaycan pavilyonunda xanəndə Rəvanə Ərəbovanın ifasında hər gün Azərbaycan muğamları, xalq mahnıları səsləndirilib. Aparat rəhbəri milli rəqslərimizin və musiqimizin tədbir iştirakçılarını xüsusilə cəlb etdiyini, bu ifaların heyranlıqla izləndiyini bildirdi: “Pavilyonda hər zaman çoxlu ziyarətçi olurdu və hər kəs oradan gözəl təəssüratla ayrılırdı”.
   Londondakı yubiley tədbirlərində nümayiş etdirilən Azərbaycan mədəniyyəti və incəsənəti hər axşam təqdim olunan teatrallaşdırılmış proqramlarla da yadda qalıb. Müsahibimiz bu proqramların xüsusi orijinallığı ilə diqqət çəkdiyini vurğuladı: “Üç Qarabağ atımız Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri ilə birgə proqramla çıxış etdi. Bu təqdimat da böyük marağa səbəb oldu. Demək olar ki, dörd gün ərzində hər gün axşam proqramında Azərbaycan incəsənət ustaları, eyni zamanda Atçılıq Federasiyasının hazırladığı atlar müxtəlif xüsusi nömrələrlə çıxış edirdilər. Onu da qeyd edim ki, hər gün bu proqramları seyr etməyə kral ailəsinin üzvləri də gəlirdi. Sonuncu gün kraliçanın özü tədbirdə iştirak etdi. Dövlət Rəqs Ansamblının üzvlərinin ifası tədbirə rəng qatdı. Azərbaycan Atçılıq Federasiyasının təqdim etdiyi Qarabağ atlarının çıxışı mərasim iştirakçıları tərəfindən heyranlıqla qarşılandı».
   Beləliklə, Azərbaycan mədəniyyəti və incəsənəti Böyük Britaniyada layiqincə təqdim olundu. Təsadüfi deyil ki, təntənəli yubiley (“Diamond Jubilee Pageant”) münasibətilə hazırlanan və kraliçanın 60 illik fəaliyyətinə həsr edilmiş “Dünya ətrafında 60 il” xüsusi nəşrdə Azərbaycana həsr edilmiş bölmə də yer alıb. Bu kitab tədbirin keçirildiyi günlərdə bütün iştirakçılara paylanıb. Tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakı Britaniyanın “The Times”, “The Daily Mail” kimi aparıcı qəzetlərində işıqlandırılıb.
   Londonda keçirilən tədbirlərin Azərbaycanın mədəniyyətini və tarixi irsini tanıtmaq, təbliğ etmək üçün böyük imkan olduğunu deyən Firudin Qurbanov dövlətin bu işə çox böyük dəstək verdiyini vurğuladı: “Bu tədbirlər sayəsində Britaniyanın dövlət nümayəndələri, parlamentin üzvləri, eyni zamanda ölkə vətəndaşları, xaricdən gələn qonaqlar Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış oldular. Bütün bunlar Azərbaycan mədəniyyətini təbliğ etmək üçün çox gözəl bir imkan idi. Burada həm Azərbaycan Atçılıq Federasiyası və Avropa Azərbaycan Cəmiyyəti, həm də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən böyük təşkilati iş görülmüşdü. 20 il əvvəl təsəvvür edə bilməzdik ki, müstəqil Azərbaycanın mədəniyyəti, incəsənəti Avropanın mərkəzində belə yüksək səviyyədə nümayiş oluna bilər. Bu tədbirlərdə Azərbaycanın aktiv iştirakı bir daha onu göstərir ki, ölkəmiz günbəgün güclənir, beynəlxalq nüfuzu artır, mədəniyyətimiz, incəsənətimiz, tarixi irsimiz dünyada getdikcə daha çox tanınır, təbliğ olunur”.
   
   Mehparə