15 İyun - Milli Qurtuluş Günü muzeylərdə müxtəlif tədbirlərlə qeyd edilir. İyunun 14-də tarixi gün münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində “Müstəqilliyimizin töhfələri” adlı mühazirə təşkil olundu.
   
   Muzeyin elmi işlər üzrə direktor müavini Elmira Qasımova məruzə ilə çıxış etdi. Həmin gün muzeydə daha bir tədbir keçirildi, gənc musiqiçilərin iştirakı ilə “Qurtuluş tariximiz” adlı konsert proqramı təqdim edildi.
   
   * * *
   Azərbaycan İstiqlal Muzeyinin təşkil etdiyi tədbirdə ümummilli lider Heydər Əliyevə həsr edilmiş film (rejissor Fuad Əlişov) nümayiş olundu. Dahi rəhbərin uzaqgörən siyasəti, bu siyasətin uğurlu nəticələri, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən söhbət açıldı. Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əlizadə, Səbail Rayon Qadınlar Cəmiyyətinin sədri Almara Hümbətova, Hərb Tarixi Muzeyinin əməkdaşı Lalə Hüseynova, muzeyin elmi-kompozisiya şöbəsinin müdiri Şərafət Məmmədova və başqaları çıxış edərək Heydər Əliyevin 1993-cü ilin 15 iyununda hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni tarixi mərhələnin başlandığını vurğuladılar.
   Tədbirdə iştirak edən Prezident Qvardiyasının və Daxili Qoşunların əsgərləri, “Gənc Turist” mərkəzinin əməkdaşları ümummilli liderin fəaliyyətini əks etdirən muzey ekspozisiyaları ilə tanış oldular.
   
   * * *
   Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Mədəniyyətimizin hamisi” adlı tədbir də yaddaqalan oldu. Muzeyin kütləvi tədbirlər üzrə direktor müavini Aygün Abasova tədbiri açıq elan etdikdən sonra muzeyin elmi işçisi Ülkər Şirəliyevə qonaqlara ümummilli liderin 1972-ci ildə Xalça muzeyinin açılışındakı və 1983-cü ildə “Şərq xalça sənəti” üzrə I Beynəlxalq simpoziumundakı çıxışları barədə məlumat verdi. İştirakçılara “Heydər Əliyev və Azərbaycan xalçaçılıq sənəti” adlı fotosərgi təqdim olundu. Sərgi ilə birlikdə eyni mövzuda mühazirə də oxundu. Qeyd edildi ki, ulu öndər Heydər Əliyevin qayğısı sayəsində Azərbaycan xalça sənəti də böyük inkişaf yolu keçib. Dahi rəhbər Azərbaycan xalqına elə zəngin miras qoyub gedib ki, onun inciləri əsrlər boyu parlayacaq. Mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olan ümummilli lider hər zaman mədəniyyətimizə, mədəni irsimizə diqqət göstərirdi.
   Tədbirdə Daxili Qoşunların hərbi qulluqçuları və ictimaiyyətin nümayəndələri iştirak edirdi.
   
   * * *
   Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində də Milli Qurtuluş Günü qeyd olundu. Muzeyin elmi katibi Rəna Salahova açılış nitqindən sonra böyük öndərin Azərbaycan mədəniyyətinə və onun inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən video-slayd nümayiş olundu.
   Prezident yanında İdarəçilik Akademiyasının müəllimi, politoloq Elman Nəsirli dahi rəhbərin həyat yolundan, onun millətimiz, dövlətçiliyimiz üçün göstərdiyi xidmətlərdən söhbət açdı: “1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə hərc-mərclik baş alıb gedirdi, hakimiyyət böhranı yaranmışdı. 1993-cü ildə ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi yaranan bir vaxtda xalqın çağırışı ilə Azərbaycanın görkəmli oğlu Heydər Əliyev hakimiyyətə qayıtdı. Ulu öndər vətəndaş müharibəsinin qarşısını aldı, dövlətçiliyimizi xilas etdi.
   Respublika Veteranlar Şurasının məsul katibi Əlfaim İsmayılov “Heydər Əliyev və dövlət quruculuğu” adlı məruzə ilə çıxış etdi.
   Tədbirdə Heydər Əliyev adına Ali Hərbi Məktəbin müəllim və tələbə heyəti, muzeylərin əməkdaşları və digərləri iştirak edirdilər.
   
   Lalə Azəri