Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu” mövzusunda kulturoloqların II Beynəlxalq Bakı Forumu iyunun 13-də işini başa vurdu.
Tədbirin ikinci iş günü Azərbaycan Turizm İnstitutunda gerçəkləşdi. Qonaqları salamlayan institutun rektoru, professor Cəfər Cəfərov ali məktəbin əldə etdiyi uğurlardan, beynəlxalq əlaqələrdən, yeni açılmış fakültələrdən danışdı. Bildirdi ki, fəaliyyət göstərdiyi altı ildə təhsil müəssisəsi bir sıra uğurlara imza atıb: «İnstitutda bir sıra fakültələr fəaliyyət göstərir. Bu, Azərbaycanda ikili diplom təhsili verən ilk ali məktəbdir. İddialarımız böyükdür. İnstitutumuz Dünya Turizm Təşkilatının assosiativ üzvüdür. Tələbələrimiz təcrübə qazanmaq üçün müxtəlif ölkələrə gedirlər. Məsələn, bu il tələbələrimizin 5 ölkəyə göndərilməsini planlaşdırırıq. Onlar Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, konfranslarda işə cəlb olunurlar. Məsələn, “Eurovision-2012” mahnı müsabiqəsində 500 tələbəmiz tərcüməçi-volontyor qismində fəaliyyət göstərdi».
Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev çıxışında kulturoloqların II Beynəlxalq Bakı Forumunun işini yüksək qiymətləndirdi: «Forum müddətində maraqlı məruzələr oldu. Ümidvaram ki, II Beynəlxalq Bakı Forumu yaddaşlarda uğurlu tədbir kimi qalacaq və tədbirin iştirakçıları ilə, xarici ölkələrdən gəlmiş nümayəndələrlə əlaqələrimiz bundan sonra da davam edəcək”.
Sonra söz məruzəçilərə verildi. Rusiya Kulturologiya İnstitutunun əməkdaşı Natalya Kryukova «Kulturoloji ekspertiza mədəniyyət siyasətinin aləti kimi» mövzusunda məruzə etdi. Müasir dövrdə mədəniyyət siyasəti və onun əhəmiyyətinə toxunan məruzəçi bu amilin böyük rol oynadığını bildirdi.
Ukrayna Kulturologiya İnstitutunun əməkdaşı Viktor Şerbina isə «Çoxşaxəli cəmiyyətdə mədəniyyət siyasətinin formalaşması» mövzusunda çıxış etdi. Bu mövzu ətrafında tədqiqat aparılmasının vacibliyini bildirdi.
«Müasir Gürcüstanın mədəniyyət siyasəti: mədəni turizmin inkişafı» məruzəsi ilə çıxış edən Gürcüstan Siyasi Tədqiqatlar İnstitutunun əməkdaşı Malxas Matsabiridze ölkəsindəki mədəniyyət turizmindən və onun istiqamətlərindən bəhs etdi. Sonra Türkiyənin Erciyes universitetindən Gülay Karsıcı, Macarıstanın Eötvöş Lorand Üniversitetindən Belik Marton, İngiltərənin Lids Universitetindən Monika Kravçuk və digər məruzəçilər maraqlı mövzularla çıxış etdilər.
Tədbirin ikinci hissəsi məruzələrlə davam etdirildi. Yığıncağın gedişində maraq kəsb edən məqamlardan biri də elmi-publisistik jurnalın təsis edilməsi ilə bağlı oldu. Qərara alındı ki, beynəlxalq redaksiyalı «Mədəniyyət siyasəti» adlı elmi-publisistik jurnal çap edilsin. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi adından forumda təmsil olunan qurumların rəhbərliyinə müraciət ünvanlandı.
Tədbirdən sonra qonaqların iştirakı ilə Qobustan Milli Tarix-Bədii Qoruğuna infotur təşkil olundu.
Mehparə
* * *
Rəylər, təəssüratlar...
Kulturoloqların II Beynəlxalq Bakı Forumu 10 ölkənin - Böyük Britaniya, Türkiyə, Rusiya, Gürcüstan, Macarıstan, Ukrayna, Qazaxıstan, Belarus, Qırğızıstan və Özbəkistanı təmsil edən mütəxəssislərin maraqlı məruzələri ilə yadda qaldı. Qonaqlardan bir neçəsi konfrans barədə təəssüratlarını qəzetimizlə bölüşdü.
Türkiyənin Erciyes Universitetinin müəllimi Rauf Kərimov:
- Mən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının məzunuyam. 12 ildir Türkiyə Cümhuriyyətinin Kayseri şəhərində Erciyes Universitetində çalışıram. Bu konfransa məsləkdaşım, universitetimizin dekan köməkçisi Gülay Karsıcı ilə gəlmişik. Gülay xanım həm də mənim elmi rəhbərimdir, inşallah yaxın müddətdə müdafiəm olacaq. “Cümhuriyyət dövründə Türkiyənin mədəniyyət siyasətində musiqinin rolu” mövzusunda çıxış etdi. Mən də forumda “Estetik zövqün siyasi mədəniyyətdə rolu” mövzusunda məruzə etdim.
Biz çox konfranslarda, forumlarda, simpoziumlarda iştirak etmişik və açığı, belə yüksək səviyyəli bir forumun keçirilməsini gözləmirdik. Bu bizim üçün böyük bir sürpriz oldu.
Forumun iştirakçıları çox gözəl mövzulara toxundular, məruzələr arasında xüsusilə Bişkek İqtisad Akademiyasının nümayəndəsi Keneşbek Almakuçukovun “Qırğızıstanın insan resursları: gündəlik mədəniyyət və zaman büdcəsi” mövzusunda məruzəsini çox bəyəndim. Bütövlükdə, konfransda hər kəsin mövzusu olduqca önəmli və aktual idi. Buna görə də ilk növbədə Mədəniyyət və Turizm Nazirliyinə, konfransın təşkilatçılarına öz təşəkkürümüzü bildiririk.
Erciyes Universitetinin professoru Gülay Karsıcı:
- Mən İzmirdə musiqi təhsili almışam, 4 ildir ki, Erciyes Universitetinin İncəsənət fakültəsinin musiqi bölümündə çalışıram. Həm də dekan yardımçısıyam. Əvvəlcə Bakı haqqında təəssüratlarımı bölüşüm. Bakı, onun tarixi abidələri, insanları çox gözəldir. Bu şəhərdə möhtəşəm heykəllər gördüm, çox bəyəndim. Xoşbəxtəm ki, Mədəniyyət və Turizm Nazirliyi bizi bu konfransa dəvət etdi, yüksək qayğı və diqqət göstərdi, çox sağ olsunlar. “Cümhuriyyət dövründə Türkiyənin mədəniyyət siyasətində musiqinin rolu” mövzusunda məruzəm maraqla qarşılandı. Cümhuriyyətimizin qurulduğu illərdə Mustafa Kamal Atatürk bütün sahələrə xüsusi diqqət göstərirdi, onu düşündürən sahələrdən biri də mədəniyyət siyasəti idi. Mədəniyyət siyasətinin içində musiqinin öz yeri var. Çünki milli musiqinin inkişafı əslində xalqın ruhunun, zövqünün inkişafında önəmli yer tutur. Bakı forumu sayəsində bu mövzunu hər kəslə bölüşə bildim.
Təranə Vahid