Respublika Uşaq Kitabxanasında şair Vahid Əzizlə görüş keçirilib
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi tanınmış incəsənət və ictimai xadimlərlə “Mənəvi sərvətimiz” adlı silsilə görüşləri çərçivəsində tanınmış şair Vahid Əzizlə görüş keçirib.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirilən görüşdə Bakı Slavyan Universitetinin tələbələri, QHT təmsilçiləri iştirak ediblər.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova və kitabxananın direktoru Fizurə Quliyeva şair Vahid Əzizin keçdiyi həyat və yaradıcılıq yolundan söhbət açıblar. Qeyd olunub ki, şairin əsərlərində məhəbbət və ülvi hisslər əsas xətt təşkil edir, bu da onun zəngin daxili aləmindən xəbər verir.
Vahid Əziz bu cür görüşlərin təqdirəlayiq olduğunu deyib. Onun sözlərinə görə, gənc nəslin formalaşmasında dövlət siyasəti ilə yanaşı, ictimaiyyət, valideynlər və müəllimlərin də xüsusi rolu var: “Gənclərin yaxşı və pis cəhətlərinə görə məsuliyyəti yaşlı nəsil daşıyır”.
Sonda şair yeni şeirlərini oxuyub və tədbir iştirakçılarının suallarını cavablandırıb.