İyulun 26-da Şəmkirdə Mədəniyyət və Turizm Nazirliyinin səyyar kollegiya iclası keçirilib. İclas rayonun Mədəniyyət və Turizm Şöbəsinin və onun tabeliyində olan müəssisələrin fəaliyyətinə həsr edilib.
   
   Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərindəki abidəsini ziyarət ediblər. Sonra nazir Əbülfəs Qarayev rayondakı bir neçə mədəniyyət ocağına, o cümlədən Heydər Əliyev Mərkəzinə, Şəmkir Rayon Mədəniyyət Evinə baş çəkib, XIX əsrdə almanlar tərəfindən inşa edilmiş kilsədə aparılan təmir-bərpa işləri ilə tanış olub.
   Daha sonra Şəmkir Rayon İcra Hakimiyyətinin binasında kollegiya iclası başlayıb. İclasda rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan tarixi abidələrin abadlaşdırılması, muzey işi, musiqi məktəblərinin fəaliyyəti, turizm imkanlarının araşdırılması və onların inkişafı və s. mövzular müzakirə edilib.
   Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov tədbirin bölgədə mədəniyyət və turizmin inkişafına müsbət təsir göstərəcəyinə əmin olduğunu deyib.
   İclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, nazirliyin bölgələrdə səyyar kollegiya iclasları keçirmək təcrübəsi artıq ənənəyə çevrilib. Nazir vurğulayıb ki, belə bir iş üslubu bölgələrdə gedən müsbət proseslərə yeni stimul verir və işlərin ətraflı təhlilinə, həmçinin yeni dövrün irəli sürdüyü tələblərlə uyğunlaşdırılmasına zəmin yaradır: “Bu həm də bölgələrdə həyata keçirilən işlərin təhlil olunmasına imkan verir. Cənab Prezidentin apardığı regional inkişaf siyasətinə mədəniyyət və turizm sahəsində dəstək vermək və bunun yeni tələblərə cavab verən bir üslubla aparılması bizim üçün əhəmiyyətlidir. Bilirsiniz ki, 2009-cu ildə biz Gəncədə Qərb bölgəsində yerləşən rayonların mədəniyyət və turizm sahəsində gördükləri işləri təhlil etmişdik. O zaman müvafiq tapşırıqlar verildi və müəyyən işlərin görülməsi nəzərdə tutuldu. Bugünkü səyyar kollegiya iclasında həmin göstərişlərin, həm də müasir dövrün irəli sürdüyü tələblərin yerinə yetirilməsi məsələsi müzakirə olunacaq. Şəmkir rayonunda çoxlu tarixi abidələr mövcuddur. Burada böyük miqyaslı yenidənqurma və abadlıq işləri görülür”.
   Nazir qeyd edib ki, Şəmkir rayonunda turizmin inkişafı üçün geniş imkanlar var və bu şəraitdən maksimum istifadə edilməsi ən vacib məsələlərdəndir. Növbəti səyyar kollegiya iclasının məhz Şəmkir rayonunda keçirilməsində də əsas məqsəd bu potensialı aşkara çıxarmaq, nöqsanların aradan qaldırılması üçün tədbirlər görməkdir.
   Sonra nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərlinin Şəmkir Rayon Mədəniyyət və Turizm Şöbəsinin və onun tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı məruzəsi dinlənilərək müzakirə edilib.
   Kollegiya iclasında rayonda mədəniyyət və turizmin inkişafı istiqamətində qazanılan nailiyyətlərlə yanaşı, bir sıra problemlərin və nöqsanların da olduğu diqqətə çatdırılıb. Bildirilib ki, hazırda rayondakı 33 klub müəssisəsinin, 35 kitabxana filialının və Çənlibel xalq-tətbiqi sənəti muzeyinin əsaslı təmirə ehtiyacı var. Tarix-diyarşünaslıq muzeyi 2006-cı ildən rayon mədəniyyət evinin zirzəmisində yerləşir. Muzey eksponatları rütubətli hava rejimində saxlanılır. Ekspozisiya kimi təqdim olunan iki zal muzey işinin tələblərinə cavab vermir. Hər iki muzeyin elmi-köməkçi fondu yoxdur. Rayon mərkəzləşdirilmiş kitabxana sisteminin fəaliyyətində də nöqsan və çatışmazlıqlar var.
   İclasda Şəmkirdə turizm sektorunda görüləcək işlər də diqqətə alınıb. Qeyd olunub ki, rayonun bu sahədə geniş potensialı var və onun realizə olunması üçün müvafiq turizm infrastrukturu yaradılmalıdır.
   Səyyar kollegiya iclasına yekun vuran nazir Əbülfəs Qarayev ölkədə aparılan genişmiqyaslı yenidənqurma işlərində mədəniyyət və turizm sahələrində çalışanların üzərinə düşən vəzifələrdən danışıb, ölkəmizin mədəniyyət və turizm sistemində köklü islahatların aparılması üçün bölgələrdə, o cümlədən Şəmkirdə işlərin canlandırılmasının vacibliyini vurğulayıb.
   Kollegiya iclasında Şəmkir Rayon Mədəniyyət və Turizm Şöbəsinin və onun tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı qərar qəbul edilib.
   
   Qərb bölgəsində turizmi inkişaf etdirmək üçün geniş imkanlar var
   
   “Azərbaycanda yeddi turizm istiqaməti təsdiq olunub, onların sırasında Qərb bölgəsinin özünəməxsus yeri var. Bölgənin mövcud şəraiti, potensialı turizmi daha geniş şəkildə inkişaf etdirməyə imkan verir”. Bu fikri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəmkirdə jurnalistlərə müsahibəsində bildirib. Nazir qeyd edib ki, son illər bölgədə yeni, müasir mehmanxanalar tikilir. Mehmanxanalarda təklif olunan xidmətlərin səviyyəsinin artırılması, turizm sahəsi üçün kadr hazırlığı diqqət mərkəzindədir və bu məqsədlə yeni tədris ocaqlarının yaradılması gündəmdədir.