İyulun 31-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi (BŞMTİ) Mərdəkan Mədəniyyət Sarayında Xəzər rayonunda tarix-diyarşünaslıq muzeyinin yaradılması məqsədilə iclas keçirib. İclasda BŞMTİ-nin rəisi Əlikram Əliyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev və rayon ərazisində yerləşən mədəni-maarif müəssisələrinin rəhbərləri iştirak ediblər. Bildirilib ki, müəyyən olunmuş işçi qrupları rayon ərazisində Mərdəkan, Şüvəlan, Binə, Buzovna, Çilov, Gürgan, Qala, Neft Daşları, Pirallahı, Şağan, Türkan və Zirə qəsəbələrində təbliğat işləri apararaq qəsəbələrin tarixi, etnoqrafiyası, tanınmış şəxsiyyətləri barədə məlumat və eksponatları toplayaraq Mərdəkan Mədəniyyət Sarayına təqdim edəcəklər.
   Tarix-diyarşünaslıq muzeyinin bu ilin dekabr ayında açılması nəzərdə tutulur. Muzeyin eksponatları məxəz tiplərinə, kolleksiyalara, materialına, incəsənət növlərinə, işləmə texnikasına, təyinatına görə sistemləşdiriləcək.
   
   Lalə Azəri