Bakıda beynəlxalq seminar
   
   Avqustun 28-də Bakıda TÜRKSOY, İSESCO, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu” mövzusunda beynəlxalq seminar keçirildi.
   
   Seminarda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan kütləvi informasiya vasitələrinin, həmçinin TÜRKSOY və İSESCO-nun nümayəndələri iştirak edirdilər.
   Tədbiri Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı açaraq mövzunun aktuallığından danışdı, mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolunun əvəzedilməz olduğunu bildirdi. Gələn il TÜRKSOY-un 20 illik yubileyinin qeyd olunacağını deyən E.Qafarlı qurumun bir çox beynəlxalq layihələrə imza atdığını vurğuladı.
   Qeyd olundu ki, artıq üç ildir ki, türk mədəniyyətinin dünyada təbliğində mühüm xidmətlər göstərən jurnalistlər və informasiya vasitələri “TÜRKSOY-un mətbuat mükafatı” ilə təltif olunur. Mədəniyyətlərarası dialoqda KİV-lərin iştirakının daha da genişləndirilməsi üçün beynəlxalq təşkilatların bu sahəyə diqqət və dəstəyi davam etdirilməlidir: “2011-ci ildə Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində TÜRKSOY ilə İSESCO arasında əməkdaşlıq haqqında saziş imzalandı. Sevindirici haldır ki, bu sənəddən sonra birgə əməkdaşlıq çərçivəsində ilk tədbir Bakıda keçirilir. Sazişə əsasən, bundan sonra da keçiriləcək tədbirlərdə təşkilatın üzvü olan ölkələr təcrübələrini bölüşəcəklər. Azərbaycan da hər iki təşkilatın üzvü olaraq bu istiqamətdə fəaliyyətini gündən-günə artırır”.
   Sonra İSESCO-nun baş katibinin müavini Muxtar Əhmədin seminar iştirakçılarına müraciəti oxundu.
   Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə çıxışında mədəniyyətlərarası dialoqun artıq qlobal prosesə çevrildiyini, ölkəmizin bu qlobal prosesin əsas tərəfdaşlarından biri olduğunu vurğuladı: “Azərbaycan mədəniyyətlərarası dialoq prosesində əhəmiyyətli rol oynayır. Ölkə başçısının dəstəyi ilə mədəniyyətlərarası dialoqu qlobal təşəbbüsə çevirdik. Bu mənada 2011-ci ildə Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu xüsusilə vurğulamaq lazımdır. Forum yeganə formatdır ki, UNESCO, İSESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və Avropa Şurasının Şimal-Cənub Mərkəzi layihə ətrafında birgə tərəfdaşlıq həyata keçirdilər. Azərbaycan bu cür tədbirlərin həyata keçirilməsinə həmişə dəstək verir. Prezident İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən irəli sürülən təşəbbüslər mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfədir. Media isə mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verməlidir, çünki bu işdə mediadan çox şey asılıdır”.
   Şöbə müdiri qeyd etdi ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bu prosesdə müsbət təcrübələrin öyrənilməsinə imkan verir: “Prezident İlham Əliyevin 2011-ci il 27 may tarixli Fərmanına əsasən, Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iki ildən bir ölkəmizdə keçirilməsi qərara alınıb. 2013-cü il mayın sonunda Bakı II Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. Foruma 8 beynəlxalq qurum tərəfdaşlıq edəcək. Biz çalışırıq ki, xalqları mədəniyyətlərarası dialoqa cəlb edək. Beynəlxalq qurumlar üçün də əsas şəbəkələndirmə rolunu oynamağa hazırıq. Azərbaycan tolerant dövlət kimi dünyada tanınır. Bütün bunlar onu göstərir ki, Azərbaycan əsl mədəniyyətlərarası dialoq modelini və ruhunu bütün dünyada təbliğ etməyə qadirdir”.
   Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirdi ki, hazırda mədəniyyətlərarası dialoqun sağlam məcrada inkişaf etdirilməsi məsələsi olduqca aktualdır. Bəşəriyyətin indiyə qədər keçib gəldiyi yol sübut edir ki, mədəniyyətlərarası dialoq olmadan dünya fəlakətlərə sürüklənə bilər: “Bu gün sosial media nə qədər inkişaf etsə də, ənənəvi media öz əhəmiyyətini və mövqeyini qorumaqdadır. Mədəniyyətlərarası dialoqun təşviqində ənənəvi medianın üzərinə böyük vəzifələr düşür”.
   Millət vəkili Qənirə Paşayeva mədəniyyətlərarası dialoqun güclənməsində medianın üzərinə düşən vəzifələrdən danışdı: “Azərbaycan hər zaman mədəniyyətlərarası və sivilizasiyalararası dialoqlara böyük önəm verib. Hesab edirəm ki, media bu məsələdə ən böyük gücdür. Çünki media istəsə, mədəniyyətlərarası dialoqda baş verən gərginlikləri azalda bilər. Bu işdə peşəkarlıq, hadisələrə obyektiv yanaşma da əsas məsələlərdəndir”.
   Çıxışlardan sonra “Qərbə doğru axan çay” sənədli filminin qısa təqdimatı keçirildi.
   Seminarda əsas məruzəni Türkiyənin Baxçaşəhər Universitetinin Mədəniyyət Araşdırma Mərkəzinin rəhbəri, professor Bəkir Karlığa etdi. Müzakirələrdə Qazaxıstan Jurnalistlər Birliyinin rəhbəri Seitkazı Matayev, Qırğızıstan nümayəndəsi Yıldız Orospakova, türkiyəli prodüser və rejissor Çingiz Göktaş və başqalarının çıxışları dinlənildi.
   Çıxışlardan sonra beynəlxalq seminarın yekun sənədi qəbul edildi. Sənəddə iştirakçı ölkələrin media orqanlarına müxtəlifliyə hörmət və düşüncə azadlığının təmin edilməsi məqsədilə media və qeyri-hökumət təşkilatlarının mədəniyyətlərarası dialoqu və qarşılıqlı anlaşmanı dəstəkləməsi, dialoq, vətəndaşlıq şüuru və islam mədəniyyətinə mənsub olmanın verdiyi qürurun inkişaf etdirilməsi, Twitter, Facebook, Youtube kimi yeni media vasitələri ilə zorakılıq və ayrı-seçkiliyin yayılmasını önləmək baxımından uşaq və gənclərin təhsilində qarşılıqlı dialoq və fərqliliklərə hörmət anlayışına üstünlük verilməsi tövsiyə olunur.
   Qeyd edək ki, seminar proqramına əsasən, iştirakçıların Azərbaycan Milli Radio və Televiziya Şurasında, Türkdilli ölkələrin Parlament Assambleyasında, Azərbaycan Mətbuat Şurasında görüşləri nəzərdə tutulub.

   Ceyhun Zərbəliyev