Azərbaycan Moldovanın paytaxtı Kişineuda keçirilən XXI Beynəlxalq Kitab Salonu ənənəvi beynəlxalq kitab sərgisində təmsil olunur. Moldova Milli Kitabxanasında təşkil edilən sərgi avqustun 31-dən sentyabrın 4-dək davam edəcək.
   
   Bu barədə avqustun 30-da Kişineuda keçirdiyi mətbuat konfransında Moldova Milli Kitabxanasının direktoru Aleksey Reu məlumat verib. Onun sözlərinə görə, sərgidə 18 ölkədən 5 mindən çox adda kitab nümayiş etdiriləcək. Bu il tədbir Milli Kitabxananın yaradılmasının 180 illiyinə və İon və Doyna Aldya-Teodoroviçlər İlinə həsr olunub.
   XXI Beynəlxalq Kitab Salonu II Milli kitab və qiraət festivalı çərçivəsində keçirilir. Festival Moldovanın kitabxanalar olan bütün yaşayış məntəqələrini əhatə edir.
   Moldovadakı kitab bayramında ölkəmizi təmsil edən nümayəndə heyətinə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələr üzrə direktor müavini Mələkxanım Hacıyeva, mədəni-kütləvi işlər şöbəsinin redaktoru Şəhla Həmidova, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi Faiq Xudanlı daxildir.
   Bu barədə Milli Kitabxanadan verilən məlumatda bildirilir. Qeyd olunur ki, nümayəndə heyəti beynəlxalq sərgi ilə yanaşı, Moldova Milli Kitabxanasının 180 illik yubileyində də iştirak edəcək.
   Azərbaycan Milli Kitabxanası beynəlxalq əlaqələrin inkişafına, genişləndirilməsinə xüsusi önəm verir.
   Kitabxanadan bildiriblər ki, sentyabrın 5-dən 8-dək direktor Kərim Tahirov Avrasiya Kitabxanaçılar Assambleyasının XIV ümumi iclasında və Belarus Milli Kitabxanasının 90 illik yubileyində iştirak etmək məqsədilə Minsk şəhərində səfərdə olacaq.