Sentyabrın 5-10-da XXV Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib. Mötəbər kitab bayramında ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və aparıcı məsləhətçisi Elşad Əliyev təmsil ediblər.
   
   Sentyabrın 5-də 70 ölkənin təmsil olunduğu, 1500-dən artıq iştirakçının qatıldığı sərgi-yarmarkanın rəsmi açılış mərasimi olub. Mərasimdə Rusiyanın Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin rəhbəri M.Seslavinski, Beynəlxalq Kitab Sərgi-Yarmarkaları Baş Direktorluğunun müdiri N.Ovsyannikov, Belarusun informasiya nazirinin birinci müavini L.Ananiç və digər vəzifəli şəxslər, xarici ölkələrin səfirləri iştirak ediblər.
   Sərgidə Azərbaycan, rus, ingilis dillərində dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə həsr olunmuş nəfis tərtibatlı çap məhsulları böyük maraq doğurub, ziyarətçilərə ölkəmiz haqqında müxtəlif jurnallar, turistik xarakterli bukletlər, kitabçalar, xəritələr, CD-lər hədiyyə olunub, mədəniyyətimizin tarixi və bu günü, Qarabağ problemi barədə informasiyalar çatdırılıb.
   Sentyabrın 7-də Ç.Əlioğlu sərgi-yarmarka zamanı MDB çərçivəsində kitab sərgi-yarmarkaları təşkilatçılarının və milli kitab palatalarının direktorları şuralarının yaradılması məqsədilə keçirilmiş iclasda iştirak edib.
   Həmin gün sərginin mətbuat zalında MDB ölkələrinin IX Beynəlxalq "Kitab sənəti" müsabiqəsi qaliblərinin təntənəli mükafatlandırma tədbiri keçirilib. Bu müsabiqədə bütün iştirakçı ölkələrdən çox - ikisi I, biri III, ikisi isə xüsusi diplom olmaqla, beş mükafata layiq görülmüş Azərbaycan naşirlərinin uğurları yüksək qiymətləndirilib. Mükafatları almaq üçün səhnəyə dəvət olunan Ç.Əlioğlu münsiflər heyətinə naşirlərimiz adından təşəkkürünü bildirib, Azərbaycan kitab sənətinin inkişaf perspektivlərindən söz açıb.
   Sentyabrın 8-də Azərbaycan ekspozisiyasında Moskvada yaşayan diaspor üzvlərinin nümayəndələri, alim və yazıçılarla görüş keçirilib. Görüşdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu il yubileyləri keçirilən N.Gəncəvi və M.F.Axundzadə yaradıcılığı haqqında fikir mübadiləsi aparılıb, yubileylərlə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilən çap məhsulları nümayiş olunub.
   Sərgi-yarmarka öz işini uğurla başa çatdırdıqdan sonra ekspozisiyaya daxil olan kitablar Azərbaycanın Rusiyadakı səfirliyinə hədiyyə edilib.