Qobustan Milli Tarix-Bədii Qoruğunun fəaliyyətinin təkmilləşdirilməsi müzakirə olundu
   
   Sentyabrın 20-də Qobustan Milli Tarix-Bədii Qoruğunda Mədəniyyət və Turizm Nazirliyinin növbəti kollegiya iclası keçirildi. İclasda Qobustan Milli Tarix-Bədii Qoruğunun, habelə digər qoruqların fəaliyyətinin təkmilləşdirilməsi və göstərilən mədəni xidmətlərin vəziyyəti geniş müzakirə olundu.
   
   İclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illərdə dövlət tərəfindən Qobustan Milli Tarix-Bədii Qoruğunun inkişafı, ərazidəki tarixi və mədəni sərvətlərin qorunması ilə bağlı bir sıra qərarlar qəbul olunduğunu nəzərə çatdırdı. Qeyd olundu ki, dövlətimiz tarixi-mədəni irsimizin dünyada təbliğinə xüsusi diqqət göstərir. 2007-ci ildə Qobustan qoruğunun UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi də bu diqqətin nəticəsidir. Qoruq ərazisində dünya standartlarına uyğun, ən müasir avadanlıqlarla təchiz edilmiş yeni muzey və inzibati bina tikilib. Ötən ilin sonunda keçirilən açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.
   
   * * *
   Nazirliyin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev Qobustan Milli Tarix-Bədii Qoruğunun fəaliyyətinin təkmilləşdirilməsi və göstərilən mədəni xidmətlərin vəziyyəti barədə geniş məlumat verdi. Bildirildi ki, Qobustanın qədim qayaüstü təsvirləri ilk dəfə 1939-cu ildə Azərbaycanın görkəmli arxeoloqu İshaq Cəfərzadə tərəfindən qeydə alınıb. Hazırda Qobustanın qayaüstü kolleksiyası 6 mindən artıq təsvirdən ibarətdir. Tarixi əhəmiyyəti, eləcə də onların tədqiqi və mühafizəsinin mütəşəkkil sürətdə təşkil olunması məqsədilə 1966-cı ildə 4500 hektar ərazini əhatə edən Böyükdaş, Kiçikdaş və Cingirdağ dağları və Yazılıtəpə sahəsi Qobustan qoruğu elan edilib.
   Diqqətə çatdırıldı ki, Azərbaycan Prezidenti ölkəmizin qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması, Qobustan qoruğunun ərazisində yerləşən milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə “Qobustan Dövlət Tarix-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında” 11 iyun 2007-ci il tarixli sərəncam imzalayıb. Sərəncamın icrası Qobustan abidələrinin və landşaftının qorunmasında xüsusi yer tutur.
   Qobustan qayaüstü incəsənətinin bəşər tarixi və yaradıcılığının öyrənilməsində özünəməxsusluğu və əhəmiyyəti nəzərə alınaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə əraziyə Milli Qoruq statusu verilib.
   Qobustan tarixinin araşdırılmasına göstərilən diqqətdən söz açan natiq tanınmış tədqiqatçı Firuzə Muradovanın “Qobustan tunc dövründə” adlı kitabının, Qobustana aid üç dildə bukletlərin nəşr olunduğunu bildirdi. İshaq Cəfərzadənin məqalələr toplusu hazırlanıb və nəşriyyata təqdim edilib. Beynəlxalq və yerli nəşrlərdə abidəyə aid 20-dən artıq məqalə nəşr olunub. Qobustanın yeni ekspozisiyası Portuqaliyanın Penolif şəhərində Avropa Muzeylər Forumunda “Avromuzey-2012” müsabiqəsində birinci yerə layiq görülüb.
   Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova görülmüş işlərdən, həyata keçiriləcək tədbirlərdən danışdı. Qeyd olundu ki, 2008-ci ildə yeni ekspozisiya zalları və inzibati otaqları əhatə edən muzey binasının tikintisi başlanıb, obyekt 2011-ci ildə istifadəyə verilib.
   Yeni muzey və inzibati binanın ümumi sahəsi 2460 kvadratmetr təşkil edir. İkimərtəbəli bina 12 sərgi zalı, 15 inzibati otaq, 2 akt və kino zalı, 4 fond otağı, kitabxana, elmi-tədqiqat şöbəsi, fotolaboratoriya və digər təyinatlı otaqlarla təmin olunub. Qoruğun binası yeni avadanlıqlarla təchiz edilib, ekspozisiya zalları müasir texnologiyalar əsasında qurulub. Ötən il qoruğu ziyarət edən 13463 nəfərdən 5413-ü xarici turistlər olub. Daha sonra çıxış edən tədqiqatçı Firuzə Muradova milli sərvətimiz olan Qobustan Milli Tarix-Bədii Qoruğunun dünyada daha geniş təbliğinin vacibliyini qeyd etdi.
   * * *
   Kollegiya üzvlərindən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Sevda Məmmədəliyeva, Ədalət Vəliyev, nazirliyin Aparat rəhbəri Firudin Qurbanov, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev təklif və təşəbbüslərlə çıxış etdilər. Qeyd olundu ki, Qobustan Azərbaycanın unikal sərvətidir. İndiyədək dövlət qayğısı nəticəsində burada çox iş görülüb. Lakin hazırda təbliğat işləri qənaətbəxş səviyyədə deyil. Qoruq həm də açıq səma altında bənzərsiz bir muzeydir. Təbiətin özü imkan verir ki, bu potensialdan turizm məqsədilə lazımınca istifadə olunsun. Təbliğat işləri lazımi şəkildə aparılarsa, turistlərin sayı artar.
   Kollegiya üzvləri bildirdilər ki, qoruqda oxşar qoruq-muzeylərin təcrübəsi öyrənilməli və tətbiq olunmalıdır. Təbliğat işlərinin aparılması üçün turizm şirkətlərini də bu işə cəlb etmək olar. Davamlı inkişafa nail olmaq üçün hazırlanan tədbirlər planında hansı problemlərin olduğu və onların həlli yolları göstərilməli, müvafiq qurumların təklifləri nəzərə alınmalıdır.
   İclasda əldə edilmiş uğurlar təhlil olundu, mövcud problemlərdən danışıldı və müzakirəyə çıxarılan məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
   Kollegiya iclasına yekun vuran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycanın milli sərvətidir. Bu sərvəti qorumalı, onun təbliğinə xüsusi diqqət yetirilməlidir. Kadr hazırlığı məsələlərinə xüsusi diqqət ayrılmalı, turistlərə göstərilən mədəni xidmətin keyfiyyəti artırılmalıdır. Bu işin səmərəli aparılması üçün nazirliyin müvafiq şöbələri, habelə əlaqədar təşkilatlar birgə iş aparmalıdır: “Düşünürəm ki, kollegiya iclasının burada keçirilməsi çox vacib idi. Kollegiya üzvləri, digər çıxış edənlər dəyərli fikirlər irəli sürdülər. Bu o deməkdir ki, biz hansısa mövzuya diqqətlə yanaşsaq, inkişafa nail olmaq istiqamətində çoxsaylı işlərin görülməsinə imkan tapa bilərik. Əgər təşəbbüs və ideyalar varsa, deməli, biz onu həyata da keçirə bilərik”.
   Nazir vurğuladı ki, qoruğun yeni muzey və inzibati binasının açılışından bir ilə yaxın vaxt keçir. Nazirlik bu unikal qoruq-muzeyi daima nəzarətdə saxlamaqda, onun daha da inkişafında, tariximizin, mədəniyyətimizin həm də turizm nöqteyi-nəzərindən təbliğində maraqlıdır: “Qobustan qoruğu çox nadir məkanlardan biridir ki, ümumbəşəri mədəni irs siyahısına daxildir. Azərbaycanda iki belə məkan var: İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və Qobustan Milli Tarix-Bədii Qoruğu. Qobustanın qədim tarixi var. Burada çoxsaylı araşdırmalar, elmi-tədqiqat işləri aparılıb. Bu məkan dünyada, beynəlxalq səviyyədə ölkəmizi şərəfləndirən, bizi keçmişimizə hörmətlə yanaşmağa, onunla qürurlanmağa sövq edən tarixi yerdir. Biz dövlət qayğısı ilə qoruğun yenidən qurulmasını, yeni tərtibat işlərini görəndə fikirləşdik ki, burada əks olunan zəngin tarix və mədəniyyətimizi gələcək nəsillərə ən yüksək səviyyədə təqdim edək. Bizim məqsədimiz odur ki, bu qoruq ölkənin bir nömrəli qoruğu kimi fəaliyyət göstərsin, nümunə olsun. Çalışırıq ki, bu yer, sözün əsl mənasında, həm Azərbaycan, həm də region üçün ən cəlbedici yerlərdən birinə çevrilsin. Burada tədqiqatların davam etdirilməsi üçün AMEA-ya müraciət oluna bilər. Digər qoruqların qabaqcıl təcrübəsindən istifadə edilməlidir. Ən başlıcası isə muzeyin davamlı inkişafı təmin olunmalıdır. Qoruğa davamlı avtobus turları təşkil edilməli, bu barədə kütləvi informasiya vasitələrində təbliğat işləri aparılmalıdır”.
   
   Ceyhun Zərbəliyev