Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı müxtəlif tədbirlərlə müşaiyət olundu.
   
   Sentyabrın 27-də Azərbaycan Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və musiqili qəzəl janrının Azərbaycanda inkişaf yolları” mövzusunda elmi-praktik konfrans keçirildi.
   Elm, mədəniyyət xadimlərinin, bəstəkarların və musiqişünasların iştirak etdikləri konfransda Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, mədəniyyətimizə verdiyi misilsiz töhfələrdən danışdı. Konfransın aktual mövzuya həsr edildiyini deyən F.Əlizadə qəzəl janrının inkişaf etdirilməsinin vacibliyini vurğuladı: “Mövzu çox geniş və əhatəlidir. Keçən mövsümdə belə bir konfrans təşkil etdiyimiz zaman məlum oldu ki, insanlarda bu sahəyə böyük diqqət və maraq var. Musiqili qəzələ həsr etdiyimiz tədbirə yönələn diqqəti nəzərə alaraq belə qərara gəldik ki, bu mövzunu davam etdirək. Budəfəki konfransda isə janrın nəzəriyyə sahəsinə daha çox yer ayırmağı məsləhət bildik. Bizim musiqi sənətimizdə bütün janrlar inkişaf etməlidir. Çünki vaxtilə dahi bəstəkarlarımız tərəfindən bütün janrların sağlam təməli yaradılıb və yeni nəsillər bunu davam etdirirlər. Lakin bəzi hallarda müşahidə edirik ki, vaxtaşırı hansısa bir janr diqqətdən yayınır, kölgədə qalır. Bu məsələlər bizi düşündürməlidir. Qiymətli operalarımız var ki, qəzəl janrına müraciət edilərək ərsəyə gəlmişdir. Üzeyir bəy musiqi tariximizdə ilk olaraq belə möhtəşəm əsərlərə imza atmışdır. Dünyada məşhur olan simfonik muğam əsərlərimiz də məhz qəzəl janrı ilə birbaşa vəhdət təşkil edir. Ü.Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” romansları örnək olaraq bizi bu janrda yeni əsərlər yazmaba sövq edir. Bir bəstəkar kimi çox istərdim ki, bu musiqi janrında yeni əsərlər meydana çıxsın”.
   Konfransda filologiya elmləri doktoru, professor Tərlan Quliyevin “Klassik Şərq və Azərbaycan musiqişünaslığında qəzələ münasibət”, bəstəkar-musiqişünas Nərgiz Şəfiyevanın “Ü.Hacıbəylinin musiqili qəzəllərində əruzun təzahürünə dair”, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Teymur Kərimlinin “Azərbaycan muğam mətnlərinin poetik xüsusiyyətləri”, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadənin “Ü.Hacıbəylinin qəzəl-romanslarının musiqi-mətn əlaqələrində intonasiya uyğunluğu”, tədqiqatçı Hacı Ələmdar Mahirin “Müasir şeirimizdə qəzəl” və Xalq artisti Canəli Əkbərovun “Rast” muğamına bir nəzər” mövzularında məruzələri dinlənildi, müzakirələr aparıldı.
   Müzakirələrdə bu janrdan ən çox muğamlarımızda istifadə edilməsi, onun tədrisi, yeni qəzəllərin gənc muğam ifaçılarına təqdimi, şeir nümunələrinin ifası zamanı düzgün tələffüz, yəni üslub qaydalarına diqqət yetirilməsi kimi məsələlərə geniş yer ayrıldı. Xalq artisti Canəli Əkbərov isə “Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” atalar sözünü misal çəkərək konfrans iştirakçıları üçün “Rast” muğamını ifa etdi, sözlə musiqinin vəhdətini əyani şəkildə çatdırdı. Konfrans qızğın müzakirələr, maraqlı təkliflərlə yadda qaldı.
   Yığıncağın sonunda professor F.Əlizadə məruzəçilərin çıxışlarının aktuallığını nəzərə alaraq onların nəşr olunmasını təklif etdi. Eyni zamanda, tədris ocaqlarında musiqili qəzəl janrı ilə mövzusunda dərslərin keçirilməsinin arzuedilən olduğu vurğulandı.
   
   Lalə Azəri