Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində II Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
   
   Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.
   Forumun həmtəsisçiləri Azərbaycan və Rusiya prezidentləridir. 2010-cu ilin yanvarında iki ölkə prezidentlərinin təşəbbüsü ilə Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Forumunda qəbul olunmuş qərara əsasən, 2011-ci il oktyabrın 10-11-də “XXI əsr: ümidlər və çağırışlar” şüarı altında I Bakı Beynəlxalq Humanitar Forumu təşkil olunmuşdu.
   II Bakı Beynəlxalq Humanitar Forumunda 60-dan çox ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 700-dək nümayəndə iştirak edir. Onlardan 10 nəfəri sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru (“Emeritus professor”), 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimai və siyasi xadimdir.
   Prezident İlham Əliyev Forumun açılışında çıxış edib. 2008-ci ildə başlayan Bakı prosesinin multikulturalizmin inkişafına güclü təkan verdiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu sahədə ideyaların təbliği üçün Azərbaycan təcrübəsi vacibdir. “Multikulturalizm bizim həyat tərzimizdir”, - deyən dövlət başçısı Azərbaycanda heç vaxt milli-dini zəmində qarşıdurmanın olmadığını, multukulturalizmin gələcəyinə inandığını qeyd edib, bu sahədə meyllərin gücləndirilməsinin Bakı Beynəlxalq Humanitar Forumunun əsas məqsədlərindən biri olduğunu diqqətə çatdırıb.
   Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Prezident Vladimir Putinin təbrik məktubunu oxuyub. UNESCO Baş Konfransının prezidenti, Macarıstanın UNESCO yanında daimi nümayəndəsi xanım Katalin Boqyay çıxış etdikdən sonra təşkilatın baş direktoru xanım İrina Bokovanın Forumun iştirakçılarına video müraciəti təqdim olunub. Sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış edib.
   Mərasimdə Azərbaycan haqqında film nümayiş olunub. Tədbir işini plenar iclasla davam etdirib. Dəyirmi masa rəhbərlərinin çıxışları dinlənilib. İclasa sədrlik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq Forumun əhəmiyyətindən danışıb.
   “Postmodernist mədəniyyətdə ən-ənəvi dəyərlər sistemi” adlı dəyirmi masaya rəhbərlik edən Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, “Müasir KİV və yeni çağırışlar” dəyirmi masasının sədri Xuan Manuel Fonruj, “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar” adlı dəyirmi masanın rəhbəri BDU-nun rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov, “Müasir təbabətə baxışı dəyişən texnologiyalar və molekulyar biologiya” adlı dəyirmi masaya rəhbərlik edən Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov, multikulturalizmin problemləri üzrə dəyirmi masanın sədri Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla müzakirə ediləcək məsələlər barədə söz açıblar.
   II Bakı Beynəlxalq Humanitar Forumu bu gün (5 oktyabr) başa çatacaq.