Oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində IV Beynəlxalq türk əl toxumaları (tekstil) və ənənəvi sənətlər konqresi işə başlayıb.
   
   Milli Azərbaycan Tarixi Muzeyi, Türkiyənin Səlcuq Universiteti və L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə iki qardaş ölkənin elm adamları, Azərbaycanın dövlət qurumlarının təmsilçiləri iştirak ediblər. Toplantıda Türkiyədən gətirilmiş el sənəti nümunələrinin və azərbaycanlı sənətçilərin milli sənət əsərlərinin nümayiş olunduğu sərgi təqdim edilib.
   Açılışda çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı tədbirin Bakıda keçirilməsindən məmnunluğunu bildirib. Qeyd olunub ki, artıq ənənə halını almış beynəlxalq türk əl toxumaları və sənətlər konqresinin məqsədi türk sənətini bugünkü və gələcək nəsillərə çatdırmaq, bu nümunələrimizi yaşatmaqdır.
   Səlcuq Universitetinin türk əl sənətləri araşdırma və uyğulama mərkəzinin rəhbəri Osman Kunduraci konqresin təşkilatçılarına minnətdarlığını bildirib.
   AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov el sənəti nümunələri ilə bağlı fikir və mülahizələrini bölüşüb: “El sənətləri nümunələrinin nümayiş olunduğu sərginin materialları ilə tanışlıqdan sonra onun coğrafiyasının çox geniş olması qənaətinə gəlirik. Çox incə toxumaları olan nəcib el sənəti nümunələrini fizika elmində olan nanotexnologiyalarla müqayisə edə bilərik. Hər bir xalçada, hər bir texnologiyada bir kvadrat santimetrə düşən toxumaların, ilmələrin sayına görə onun keyfiyyətinə, tarixinə qiymət verilir. Bu isə nanotexnologiyada bir kvadrat santimetrdə neçə atomun, molekulun yerləşməsinə bərabər olan bir sənətdir. Bu incəsənəti tarix boyu yaşadıb bugünkü nəsillərə ötürən sənətkarların zəhməti böyükdür”.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev Azərbaycanda xalq tətbiqi sənətinin inkişafına göstərilən dövlət qayğısından danışıb, bu sahədə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən müvafiq dövlət proqramlarının həyata keçirilməsindən bəhs edib. Qeyd olunub ki, xalq tətbiqi sənəti nümunələri arasında xalçaçılıq sənəti çox yüksək qiymətləndirilir. Bu qədim sənət türk xalqları arasında minilliklər boyu inkişaf etmişdir. Bu da türk xalqlarının yaşadığı coğrafi mühitlə, onların məşğuliyyəti və iqlim şəraiti ilə bağlı olub.
   Milli xalçaçılıq sənətimizin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini xatırladan şöbə müdiri bildirib ki, Azərbaycan xalçası artıq bütün bəşəriyyətin sərvətidir və hamı tərəfindən qorunmalıdır.
   Tədbirdə Səlcuq Universiteti türk əl sənətləri araşdırma və uyğulama mərkəzinin müəllimi Əhməd Aytaç və Osman Kunduraci mədəni əlaqələrimizin qurulmasındakı xidmətlərinə görə Milli Azərbaycan Tarixi Muzeyinin diplomları ilə təltif olunub. Muzeyin direktoru, akademik Nailə Vəlixanlıya Türkiyənin Səlcuq Universiteti tərəfindən "2012-ci ilin bilim və sənətə katkı ödülü" təqdim edilib.
   Tədbir çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin silah kolleksiyasından ibarət “Torpağa sancılmış qılınc” mövzusunda təşkil edilmiş sərgiyə baxış keçirilib.
   Konqres işini mövzu üzrə dinləmələrlə davam etdirib, müzakirələr aparılıb. Tədbir oktyabrın 5-də başa çatacaq.