Oktyabrın 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq İdman Kinosu və Televiziyası Federasiyasının prezidenti Franko Askani ilə görüşdü. 
   Qədim və zəngin mədəniyyətə malik Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən qonaq Bakı ilə tanışlığın onda böyük təəssürat yaratdığını dedi. O, Azərbaycanın dünyada həm də idman ölkəsi kimi tanındığını vurğuladı.
   Qonaq Bakıda I Beynəlxalq İdman Filmləri Festivalı keçirilməsi münasibətilə təbriklərini çatdırdı və bu sənət bayramının ənənəvi olaraq təşkil edilməsini arzuladı.
   Franko Askani Milanda keçirilən idman filmləri festivalı haqqında da məlumat verdi. Qeyd etdi ki, hər il bu festivala 700-800 film göndərilir. Onların içərisindən seçilən 150 film kinoteatrlarda nümayiş olunur. Bir çox ölkələrin idman televiziya kanalları vasitəsilə festival canlı yayımlanır. F.Askani bildirdi ki, festivalla bağlı geniş təbliğat işi aparılır. Bu işə məktəb və universitetlər də cəlb olunur. Tədbir çərçivəsində yalnız filmlərin nümayişi deyil, idmana həsr olunmuş sərgilər, dəyirmi masalar da təşkil olunur.
   Nazir Əbülfəs Qarayev qonağın ölkəmizə səfərindən məmnun olduğunu bildirdi. Söhbət əsnasında dünyada çəkilən idman filmləri, idman kanalları, həmçinin Milanda keçirilən festival barədə fikir mübadiləsi aparıldı.
   
   Reyhan