Oktyabrın 17-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Latviya Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində Əbülfəs Qarayev Latviyanın mədəniyyət naziri Janeta Yaunzeme-Qrende ilə görüşüb.
Nazir bildirib ki, Azərbaycanla Latviyanı ənənəvi dostluq əlaqələri birləşdirir, bu əlaqələri inkişaf etdirmək lazımdır. Qeyd olunub ki, əməkdaşlıq haqqında ikitərəfli müqavilə var, tərəflər onu konkretləşdirmək niyyətindədirlər. Əbülfəs Qarayev həmkarına bu yaxınlarda Bakıda keçirilən və Latviyanın iki keçmiş prezidentinin iştirak etdiyi Beynəlxalq Humanitar Forum haqqında məlumat verib: “Biz ümid edirik ki, Bakı qlobal humanitar problemlərin müzakirəsi mərkəzinə çevriləcəkdir”.
Nazir Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqanın Gəncə Universitetinin fəxri doktoru adına layiq görüldüyünü də diqqətə çatdırıb.
O, latviyalı həmkarını 2013-cü ilin mayında Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib. \"Məqsədimiz Qərb və Şərq mədəniyyətlərini birləşdirmək, bu gün dünyada mövcud olan lazımsız fobiyalardan imtina edilməsinə kömək göstərməkdir\", - deyə nazir vurğulayıb.
Latviyanın mədəniyyət naziri Janeta Yaunzeme-Qrende ölkəsində planlaşdırılmış mədəniyyət tədbirləri barədə məlumat verib, Azərbaycanın yaradıcı kollektivlərini gələn il Latviyada keçiriləcək mahnı və rəqs bayramında iştiraka dəvət edib.
Görüşdə həmçinin iki ölkənin milli kitabxanaları arasında əlaqələri inkişaf etdirmək, kitabxanalarda Azərbaycan və latış ədəbiyyatı guşələri yaratmaq, müasir yazıçıların əsərlərini mübadilə etmək təklif olunub.
Sonda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Latviyanın Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq proqramı imzalanıb. Sənəddə qeyri-maddi mədəni irs, bədii özfəaliyyət, xalq yaradıcılığı sahəsində əməkdaşlığın inkişafı, musiqi kollektivləri və konsert təşkilatları arasında əlaqələrin yaradılması, müsabiqələrdə və ənənəvi musiqi tədbirlərində birgə iştirak, yaradıcılıq birlikləri arasında əlaqələrin genişlənməsinə kömək göstərilməsi və s. nəzərdə tutulur.