Mədəniyyət və İncəsənət Universitetinin 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
   
   Dekabrın 21-22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Qloballaşma şəraitində kulturoloji innovasiyalar və sosial-mədəni inkişaf” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib. ADMİU-nun 90 illik yubileyinə həsr edilmiş tədbirdə kulturologiyaya həsr edilmiş kitabların sərgisi də təşkil edilib.
   
   Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib və önünə gül çələngi qoyublar.
   Konfransın plenar iclasını giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, tədbirin iştirakçıları arasında Böyük Britaniya, Rusiya və Gürcüstandan alimlər var.
   Rektor vurğulayıb ki, belə bir aktual mövzuya həsr olunmuş beynəlxalq konfransın məhz bu universitet tərəfindən təşkil edilməsi təsadüfi deyil. 90 yaşı qeyd olunan ADMİU təkcə böyük sənətkarlıq ənənələri ilə deyil, həm də nəzəri biliklər sahəsində ciddi elmi-tədqiqat xarakterli fəaliyyəti ilə tanınır. Universitet xarici ölkələrin bir çox ali məktəbləri ilə əməkdaşlıq edir və bu, onun dünyada tanınmasının, nüfuzlu beynəlxalq konfranslara ev sahibliyi etməsinin əsas şərtlərindən biridir.
   Timuçin Əfəndiyev deyib ki, bu gün universitetdə kulturologiyanın müasir tələblərə cavab verən geniş elmi bazası yaradılıb: “Fəxrlə deyə bilərik ki, respublikada müasir elm olan kulturologiyanın fundamental bazası məhz bizim universitetimizdə formalaşmışdır. Universitetimizdə kulturologiyanın müxtəlif problemləri ilə kulturologiya fakültəsi məşğul olur. Mən bu fakültəni cəmiyyətdəki kulturoloji prosesləri ən müxtəlif aspektlərdə öyrənən elmi laboratoriya adlandırardım”.
   Rektor diqqətə çatdırıb ki, konfransda çağdaş kulturologiyanın prioritet tədqiqat istiqamətlərindən olan innovasiya problemləri ön plana çəkilib. İnnovasiya problemləri çağdaş cəmiyyətin sosial-mədəni inkişafı fonunda nəzərdən keçirilir. Azərbaycan kimi Şərq və Qərb dəyərlərindən bəhrələnən, dinamik inkişaf edən ölkədə kulturoloji innovasiyaların məhz sosial-mədəni inkişaf kontekstində işıqlandırılması heç də təsadüfi deyil. Ölkəmizdə böyük sosial-mədəni layihələr həyata keçirilir. Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan bu gün dünya birliyi tərəfindən təqdir olunan, demokratik dəyərlərə istinad edən, güclü dövlətçilik ənənələrindən qaynaqlanan vətəndaş cəmiyyəti qurub. Bu cəmiyyətin ideya istiqamətləndiricisi isə ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə istinad edən müdrik fikirləri, dəyərli tövsiyələri və azərbaycançılıq fəlsəfəsidir.
   Rektor vurğulayıb ki, müstəqilliyini yaxın keçmişdə əldə etmiş ölkələr üçün kulturoloji innovasiyalar mövzusu maraqlı olmaqla yanaşı, həm də aktualdır. Bu sırada Azərbaycanın adını xüsusi vurğulamaq lazımdır. Avropa ilə Asiyanın ayrıcında, Şərq-Qərb dəhlizi üzərində yerləşən Azərbaycan tarixən sivilizasiyalararası münasibətlərin episentrində dayanıb, bu münasibətlərin inkişafına əhəmiyyətli təsir göstərib. Vaxtilə ərazisindən Böyük İpək Yolunun keçdiyi ölkəmiz bu gün dünya iqtisadiyyatında enerji daşıyıcılarının ötürüldüyü ən strateji, iqtisadi və geosiyasi baxımdan ən stabil, etibarlı, coğrafi baxımdan ən qısa və sərfəli yol, məkan kimi dəyərləndirilir.
   Azərbaycanın təbii sərvətləri və imkanları kimi, onun zəngin mənəvi irsi, yaratdığı böyük mədəniyyət də bu gün dünyanın diqqət mərkəzindədir. Əlbəttə, bütün bunlar təməli ulu öndər Heydər Əliyev tərəfindən qurulmuş dövlət strategiyamızın məqsədyönlü, ardıcıl fəaliyyəti sayəsində mümkün olub. Bu gün Prezident İlham Əliyevin apardığı balanslaşdırılmış, uzaqgörən siyasət həm də Azərbaycan mədəniyyəti və ictimai fikir tarixinin, mənəvi dəyərlərimizin dünya ölkələri arasında yayılmasına yardım edir.
   Timuçin Əfəndiyev deyib ki, ölkəmizdə reallaşdırılan irimiqyaslı beynəlxalq layihələr, möhtəşəm festival və müsabiqələr qloballaşma dövründə milli-mədəni dəyərlərimizin bütün dünyaya tanıdılmasının parlaq təzahürüdür. Yurdumuzun özü qədər qədim olan Qobustan abidələri, kökü minilliklərə gedib çıxan muğamlarımız, aşıq sənəti incilərimiz və digər bu kimi mədəni sərvətlərimizin hazırda dünya birliyinin diqqət mərkəzində olması sivilizasiyalararası dialoqda Azərbaycanın imza atdığı uğurlar cərgəsindədir. Bu uğurlar təkcə mədəni cəbhənin nailiyyətləri deyil, həm də böyük siyasi çəkiyə malikdir. Ölkəmizin tanınması, beynəlxalq siyasi arenada nüfuz qazanması, söz sahibi olması, reytinqinin, imicinin möhkəmlənməsi baxımından ciddi önəm daşıyır. Möhtəşəm festivalların, o cümlədən muğam festivallarının gerçəkləşdirilməsi bu siyasətin tərkib hissəsidir. Bu böyük missiyanın reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri var.
   Konfransın işinə uğurlar arzulayan professor Timuçin Əfəndiyev iki gün ərzində “Qloballaşma və mədəniyyətlərarası dialoq”, “Mədəniyyət və şəxsiyyət”, “Modernləşmə və dünya dinləri” və “Kulturologiya və onun aktual problemləri” bölmələrində biri-birindən maraqlı məruzələrin dinləniləcəyini söyləyib.
   Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxış edərək konfransın aktual məsələyə həsr olunduğunu bildirib. Deputat vurğulayıb ki, qloballaşma prosesi Azərbaycanın milli mədəniyyətinin qlobal mədəniyyətə uyğun modelinin formalaşmasına şərait yaradır. Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada daha çox tanınmaqdadır. Bu istiqamətdə işlərin uğurla həyata keçirilməsində Prezident İlham Əliyevin xidmətləri misilsizdir.
   Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr fakültəsinin dekanı, professor İrina Silakova təmsil etdiyi ali məktəb haqqında geniş məlumat verib. Bildirib ki, belə konfranslar yetişməkdə olan gənc nəslin tərbiyəsində və cəmiyyətin inkişafında mühüm əhəmiyyət daşıyır. Çalışmalıyıq ki, təmsil etdiyimiz ali təhsil müəssisələrinin məzunları, yəni XXI əsrin yaradıcıları həqiqət, xeyirxahlıq, gözəllik və məhəbbət kimi mənəvi keyfiyyətlərin daşıyıcıları olsunlar. Bu baxımdan konfransda səslənən fikirlər bütünlükdə dünya ictimaiyyəti üçün vacibdir.
   Konfransda aparılan fikir mübadiləsinin teatr təhsilində Bolonya prosesinin nəzəri və praktik məsələlərinin araşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını söyləyən Gürcüstanın İlya Universiteti İncəsənət Tədqiqatları İnstitutunun direktoru, professor Levan Xetaquri belə bir tədbirdə iştirakından məmnunluğunu ifadə edib. Qonaq deyib ki, teatr sahəsində təhsil alanlar teatr irsini kifayət qədər yaxşı bilməlidirlər ki, yeni axtarışları da uğurla reallaşdırmağı bacarsınlar və mövcud sərhədi asanlıqla dəf etsinlər.
   “Visions of Azerbaijan” jurnalının redaktoru İan Piert deyib: “Mən Bakıya 2000-ci ildə gəlmişəm. Buraya gələndə vaxtilə dünyada neftin yarısını hasil edən və İkinci Dünya müharibəsində faşizm üzərində qələbə çalmaq üçün cəbhəni yanacaqla təmin edən bir ölkənin paytaxtı haqqında heç vaxt eşitməmişdim. Həmin vaxt bu ölkənin mədəniyyəti - Nizami, Füzuli, Üzeyir Hacıbəyli, Vaqif Mustafazadə, Tahir Salahov kimi korifey sənətkarlar və muğam mənə tamamilə yad idi. Hətta 1966-cı ildə Londonda keçirilən futbol üzrə dünya çempionatının finalında məşhur mübahisəli qolu tərəddüd etmədən qeydə alan Tofiq Bəhramov da o vaxtlar “rus yan xətt hakimi” kimi təqdim edilmişdi. Az vaxtdan sonra dərk etdim ki, Azərbaycan möhtəşəm bir ölkədir. Bu ölkə məni həmişə maraqlandırır. Azərbaycan öz təbii sərvətlərinə görə Qərb üçün daha müstəqil və vacib olduqca Avropada insanlar onun mövcudluğu haqqında getdikcə daha çox eşidirlər. İndi bir çox ingilis futbolsevərlər Tofiq Bəhramovun rus olmadığını bilirlər”.
   Tədbirdə çıxış edən professorlar Niyazi Mehdi, Əlikram Tağıyev, İlqar Hüseynov, Sakit Hüseynov, Çingiz Abdullayev və başqaları müzakirə olunan mövzunun aktuallığından danışıblar. Xüsusi vurğulanıb ki, müasir bəşəriyyətin inkişafını xalqlararası mədəni mübadiləsiz təsəvvür etmək çətindir.
   Plenar iclasa yekun vuran ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev bildirib ki, kulturoloji innovasiyalar, mədəniyyətlərarası dialoq, milli mentalitetin inkişaf etdirilməsi kimi problemlər qloballaşma və inteqrasiya proseslərinin mühüm tərkib hissəsini təşkil edir. Hazırkı konfransda bu qlobal proseslərin ayrı-ayrı problemləri öz əksini tapır. Rektor işini bölmələrdə davam etdirəcək konfransda kulturologiya elminin aktual problemləri ilə bağlı maraqlı fikirlərin səslənəcəyinə əminliyini ifadə edib.
   
   * * *
   Dekabrın 22-də beynəlxalq konfrans işini bölmələrdə davam etdirib. Tədbirin ikinci günündə britaniyalı İan Piertin “Qloballaşan dünyada beynəlxalq dialoqun rolu”, ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru Maral Manafovanın “Mədəniyyətdə insanın yeri”, “Kulturologiya” fakültəsinin dekanı Apdin Əlizadənin “Azərbaycan mədəniyyətlərarası dialoq məkanı kimi”, “Musiqişünaslıq” kafedrasının dosenti Kamilə Dadaşzadənin “Mədəniyyətlərarası dialoqda sinergetikanın rolu”, professor Levan Xetaqurinin “Memorial təhsilin Bolonya öncəsi və sonrakı təcrübə və nəzəriyyəsi”, “Sənətşünaslıq” fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Xanoğlanın “İlyas Əfəndiyev publisistikasının bədii-estetik parametrlərində milli-mədəni dəyərlərdən qaynaqlanması”, “Kulturologiya” fakültəsinin professoru, elmlər doktoru Nigar Əfəndiyevanın “Tolkott Parsonsun mədəniyyət konsepsiyası” və digər məruzələr dinlənilib. Beynəlxalq elmi-nəzəri konfransda səslənən 150-dən çox məruzənin ümumi qayəsi bu oldu ki, mədəniyyət əbədidir, o, mücərrəd ola bilməz və mədəniyyətə söykənməyən cəmiyyət, o cümlədən sivilizasiya məhvə məhkumdur.