Prezident İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
   
   Sənəddə qeyd olunur ki, 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi böyük tarixi hadisədir. Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir.
   Azərbaycanın beynəlxalq aləmdə daim artan nüfuzu, iqtisadi qüdrəti, dinamik inkişafı, genişmiqyaslı müasir infrastruktur layihələri, mövcud ictimai-siyasi sabitlik və həyata keçirilən islahatlara ümumxalq dəstəyi bu tarixi qərarın qəbul edilməsində öz mühüm rolunu oynamışdır. Hazırda Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş, bütövlükdə Azərbaycanda müasir idman infrastrukturu yaradılmış və həmin sahədə müvafiq proseslər davam etdirilməkdədir. Bütün bunlar
   I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə böyük imkanlar açır. Bu oyunların Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaq.
   Sərəncama əsasən, 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin sədri Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır. Təşkilat Komitəsinə xarici işlər, iqtisadi inkişaf, maliyyə, daxili işlər, milli təhlükəsizlik, nəqliyyat, səhiyyə, mədəniyyət və turizm, rabitə və informasiya texnologiyaları nazirləri, dövlət rəsmiləri, müxtəlif təşkilatların rəhbərləri, tanınmış idmançılar daxildir.