İyunun 4-də Azərbaycanda Belarus Respublikasının Mədəniyyət Günləri başlayıb.
Tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn Belarus mədəniyyət nazirinin müavini Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Qonaq Mədəniyyət və Turizm Nazirliyi Aparat rəhbərinin müavini-Kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərovun müşayiəti ilə Fəxri xiyabanla tanış oldu. Cavanşir Cəfərov Vasili Çernikə Fəxri xiyabanda dəfn edilmiş görkəmli şəxsiyyətlər, onların Azərbaycan mədəniyyəti tarixində xidmətləri barədə məlumat verdi.
Belarus mədəniyyət nazirinin müavini Şəhidlər xiyabanını da ziyarət etdi, şəhid məzarları önünə gül dəstələri düzdü.
Həmin gün Mədəniyyət və Turizm Nazirliyində Belarus nümayəndə heyəti ilə görüşlər keçirildi.
Nazir Əbülfəs Qarayev qonağı salamlayaraq ölkələrimiz arasında sıx mədəni əlaqələrin olduğunu bildirdi. Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə əlamətdar hadisə kimi qiymətləndirildi.
Qonaq ölkəmizə ilk dəfə gəldiyini və səfərindən məmnun qaldığını bildirdi. Qeyd etdi ki, Bakı keçmiş Sovetlər Birliyinin aparıcı şəhərlərindən olsa da, burada aparılan tikinti-quruculuq işləri paytaxtımızı Avropa şəhərləri səviyyəsinə qaldırıb. Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviçin də iştirak etdiyi görüşdə ikitərəfli mədəni əlaqələr və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin belaruslu həmkarı ilə görüşündə mədəniyyət günləri çərçivəsində baş tutacaq tədbirlər müzakirə olundu.
Sadiq Musa