Mayın 31-də Bakı Forumunun “Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu” mövzusunda altıncı işçi sessiya keçirildi. Toplantıda dünyadakı qloballaşma proseslərində mədəniyyətlərarası və dinlərarası ziddiyyətlərin kəskinləşməsi, tolerantlığın təbliği məsələləri müzakirə edildi.
   
   Şirkətlərin inkişafında korporativ mədəniyyətin əhəmiyyəti
   
   Sessiyaya moderatorluq edən Böyük Britaniyanın Koventri Universitetinin icraçı direktoru, professor Mayk Hardi müasir dünyada şirkətlərin irəliləməsində korporativ mədəniyyətin əhəmiyyətindən danışdı. Mövzu ilə bağlı çıxış edən ABŞ-ın “Weyerhaeuser” şirkətinin nümayəndəsi Effenus Henderson hər xalqın öz mədəniyyətinə dair bilikləri əldə etməsi ilə yanaşı, başqa xalqların mədəniyyətini və ənənələrini mənimsəməsi, korporasiya və şirkətlərdə müxtəlif millət və dinlərdən olan insanların fəaliyyəti barədə fikirlərini bölüşdülər. Bildirildi ki, qloballaşma şirkət rəhbərləri qarşısında yeni vəzifələr qoyur. Onlar müxtəlif millət və dinlərə aid insanlarla əlaqələr qurmağı, onlara rəhbərlik etməyi bacarmalıdırlar. Şirkətin inkişafı ilə bağlı ideyaların həyata keçirilməsi bütün əməkdaşlarla razılaşdırılmalıdır.
   Çıxışlarda qeyd olundu ki, işgüzar kommunikasiya həmişə milli baxışa, milli mədəniyyətlərə, o cümlədən iqtisadi mentalitetə söykənir. Bu məsələlərin nəzəri baxımdan öyrənilməsi II Dünya müharibəsindən sonraya təsadüf etsə də, mədəniyyətlərarası menecment problemləri, yəni işgüzar ünsiyyət proseslərinin idarə olunması iqtisadiyyatın özü qədər qədimdir.
   
   “Mədəniyyət” anlayışı insanların davranışını başa düşmək üçün vacibdir
   
   Britaniyanın “EF Education First” şirkətinin icraçı direktoru Karl-Yohan Vestrinq rəhbərlik etdiyi qurumun fəaliyyəti, müxtəlif xalqların nümayəndələrindən olan əməkdaşlarının işindən danışdı. Onun sözlərinə görə, müasir dünyadakı qloballaşma prosesində baş verən siyasi-iqtisadi və mədəni inteqrasiya faktı danılmazdır. Ölkələr və xalqlar bütün sahələrdə - istər siyasi, iqtisadi, istərsə də mədəni sahələrdə şəxsi ünsiyyətdən tutmuş beynəlxalq görüşlərədək bütün səviyyələrdə informasiya texnologiyalarının son nailiyyətlərindən yararlanaraq fəal əməkdaşlıq edir.
   Bir çoxları bu müxtəlif və çoxsəviyyəli əlaqələri dəstəkləmək üçün ingilis dilini öyrənir, çünki beynəlxalq ünsiyyətdə məhz bu dildən geniş istifadə olunur. Onlar əcnəbi dili öyrənməyə başlayan kimi bu dilin norma və qaydaları ilə bərabər, başqa mədəniyyətin norma və qaydalarını da mənimsəməli olurlar. “Mədəniyyət” anlayışı bütövlükdə insanların davranışını başa düşmək üçün vacibdir. Mədəniyyət və ya insanların mədəni əhatəsi mahiyyət etibarilə mövcud fiziki və bioloji mühitə uyğunlaşmaq üsuludur. Hər bir xalq mövcud olması və inkişaf etməsi üçün zəruri olan adət-ənənələrini, hamı tərəfindən qəbul edilmiş normalarını nəsildən-nəslə ötürür.
   Sessiyada vurğulandı ki, insanlar əldə olunmuş mədəniyyətlərarası ünsiyyət təcrübəsi sayəsində dünyaya daha geniş baxır və başqa insanların mədəni müxtəlifliyinə dözümlü yanaşırlar. Sonda məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdılar.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar