KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yeni təyin edilmiş Müşahidə Şurasının iclası keçirilib
   
   İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yeni təyin edilmiş Müşahidə Şurasının ilk iclası keçirilib. 

   Xatırladaq ki, ölkə başçısının 3 iyun 2013-cü il tarixli sərəncamına əsasən, dövlət orqanlarından Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev, Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, Mədəniyyət və Turizm Nazirliyi Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi İntiqam Hümbətov, kütləvi informasiya vasitələrindən “525-ci qəzet”, “İki sahil” və “Azərbaycan” qəzetlərinin baş redaktorları Rəşad Məcid, Vüqar Rəhimzadə, Bəxtiyar Sadıqov, jurnalist təşkilatlarından Mətbuat Şurasının sədri Əflatun Amaşov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Fondun Müşahidə Şurasına üzv təyin ediliblər.
   İclası açan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov yeni təyinatla bağlı icraçı direktoru və Müşahidə Şurasının üzvlərini təbrik edib. Qeyd olunub ki, 2009-cu ildə yaradılan Fond ötən müddətdə səmərəli fəaliyyət göstərib, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirib.
   Şöbə müdiri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi yüksək etimadı doğrultmaq, ölkəmizdə KİV-lərin müstəqilliyinin inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə həyata keçirilən dövlət siyasətinə əməli işlə daha böyük töhfələr vermək üçün Fondun kollektivi və Müşahidə Şurasının üzvləri bundan sonra da əzmlə fəaliyyət göstərməlidirlər: “Ötən dörd ildə Fondun fəaliyyətinin təşkili, KİV-lərə yardım mexanizminin formalaşdırılması, onun təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülüb. Fondun maliyyə dəstəyi, reallaşdırdığı digər tədbirlər mətbuatın iqtisadi müstəqilliyini gücləndirib, onun problemlərinin həllinə müsbət təsir göstərib. Fond fəaliyyəti ilə cəmiyyətdə və media arasında nüfuz qazanıb. İndiki mərhələdə isə artıq hazır mexanizmə, yetkin fəaliyyət proqramına əsaslanaraq Azərbaycan mediasının daha dərindən öyrənilməsi, onun ehtiyaclarının müəyyənləşdirilməsi və ödənilməsi üçün var qüvvənizlə çalışmalısınız”.
   Dövlət başçısının göstərdiyi etimada görə minnətdarlığını ifadə edən Fondun icraçı direktoru Vüqar Səfərli ötən müddətdə həyata keçirilən tədbirlərdən danışıb, gələcək planlar barədə məlumat verib.
   Sonra Fondun Müşahidə Şurası sədrinin və onun müavininin seçilməsi məsələsi müzakirə edilib. Təkliflər dinlənildikdən sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin Müşahidə Şurasının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sədr müavini seçilməsi təklifi səsə qoyulub və yekdilliklə qəbul edilib.
   Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Fondun gələcək fəaliyyəti barədə fikirlərini bölüşüblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar