“Xalqlarımız bir-birinin mədəni irs və incəsənət nümunələri ilə daha yaxından tanış olmalıdırlar”
   
   İyunun 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda keçirilən Ukrayna Mədəniyyəti Günləri ilə əlaqədar Bakıya səfərə gəlmiş bu ölkənin mədəniyyət nazirinin birinci müavini Timofey Koxanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
   
   Qonaqları salamlayan nazir ölkəmizdə növbəti dəfə qardaş Ukraynanın mədəniyyət günlərinin keçirilməsindən məmnunluğunu bildirdi. Qeyd olundu ki, qarşılıqlı dostluq münasibətlərinin inkişafına xidmət edən tədbir iki ölkə arasında 2011-2015-ci illər üzrə əməkdaşlıq planına uyğun keçirilir. Plan 2011-ci il aprelin 28-də Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb. Bu tədbirin davamı olaraq 2014-cü ildə Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
   Ukrayna incəsənət ustalarının ölkəmizdə çıxışının hər dəfə böyük rəğbətlə qarşılandığını deyən Əbülfəs Qarayev budəfəki mədəniyyət günlərinin də xoş təəssüratla yadda qalacağına əminliyini bildirdi: “Bu görüşlər ikitərəfli əlaqələrin inkişafına mühüm töhfədir. Eyni zamanda mədəni əlaqələrin gələcəkdə davam etdirilməsi üçün mühüm addımlar atmalıyıq. Ölkələrimizin münasibətləri, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də inkişaf etdirilməli, xalqlarımız bir-birinin mədəni irs və incəsənət nümunələri ilə daha yaxından tanış olmalıdırlar”.
   Nazir bu yaxınlarda Bakıda keçirilən İkinci Dünya Mədəniyyətlərarası Dialoq Forumunda Ukrayna nümayəndələrinin iştirakından məmnunluğunu da diqqətə çatdırdı. İki dost ölkənin sıx mədəni əlaqələri ilə yanaşı, turizm sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.
   Ukrayna mədəniyyət nazirinin birinci müavini Timofey Koxan ölkəsinin rəhbərliyinin ən xoş arzularını Əbülfəs Qarayevə çatdıraraq bildirdi ki, Ukrayna həmişə Azərbaycanın etibarlı tərəfdaşı olmuşdur: “Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr uğurla inkişaf edir. Azərbaycan Ukraynada keçirilən beynəlxalq mədəniyyət tədbirlərində fəal iştirak edir. Ukrayna nümayəndələri də Azərbaycanda gerçəkləşən tədbirlərə, müsabiqələrə məmnuniyyətlə qatılırlar”.
   Timofey Koxan mədəniyyət günlərinin yüksək səviyyədə təşkilinə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, iki ölkənin səfirliklərinə minnətdarlığını bildirdi.
   Qonaq Əbülfəs Qarayevə Kiyevdə nəşr olunan “Xalq deputatları” jurnalını təqdim etdi. Üz qabığında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fotosu yer alan jurnalda dövlət başçımızın müsahibəsi dərc edilib. Timofey Koxan müsahibənin Ukrayna ictimaiyyətinin böyük marağına səbəb olduğunu vurğuladı.
   Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun da iştirak etdiyi görüşdə ikitərəfli maraq kəsb edən məsələlər müzakirə edildi, sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olundu.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar