İyunun 18-də Azərbaycan Bəstəkarlar İttifaqının konsert salonunda tanınmış bəstəkar, Əməkdar müəllim, professor Adilə Yusifovanın “Cövdət Hacıyev. Həyat salnaməsi. Məqalələr. Mülahizələr” kitabının təqdimat mərasimi oldu.
   
   Bəstəkarlar İttifaqının katibi Lalə Hüseynovanın açılış nitqindən sonra görkəmli bəstəkar haqqında videolent göstərildi.
   Sonra ittifaqın sədri, professor Firəngiz Əlizadə çıxış edərək Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, professor Cövdət Hacıyevin (1917-1994) həyat və yaradıcılığından danışdı.
   Bildirildi ki, Cövdət Hacıyev bəstəkar kimi milli simfonizmin təşəkkül tapmasında xüsusi xidmətlər göstərib. Dahi bəstəkar Ü.Hacıbəylidən dərs alan, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor D.Şostakoviçin bəstəkarlıq sinfini bitirən sənətkarın yaradıcılığı bu iki korifeyin musiqi ənənələrinin üzvü sintezi zəminində formalaşıb. O, müxtəlif musiqi janrlarında - opera, simfoniya, kamera-instrumental, vokal və xor əsərləri yaratsa da, yaradıcılığında aparıcı yeri simfoniya və simfonik musiqi tutur. C.Hacıyevin 1956-cı ildə Azərbaycan bəstəkarlarının I qurultayında ifa olunan “Dördüncü simfoniya”sı respublikanın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirilib. “İnsan, yer, kosmos” adlı V simfoniyası 1974-cü ildə Azərbaycan bəstəkarlarının IV qurultayında, 1975-ci ildə “Zaqafqaziya baharı” festivalında müvəffəqiyyətlə səslənib. “Sülh uğrunda” simfonik poemasına görə bəstəkar SSRİ Dövlət mükafatına layiq görülüb. Sənətkarın “Onu zaman seçib” adlı sonuncu, VIII simfoniyası ümummilli lider Heydər Əliyevə həsr olunan monumental əsərdir.
   Cövdət Hacıyev 1957-1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub, istedadlı, peşəkar bəstəkarlar nəsli yetişdirib.
   Tədbirdə sənətşünaslıq namizədi, professor Ülviyyə İmanova, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, Əməkdar mədəniyyət işçisi Maarif Teymurov, musiqişünas, Əməkdar incəsənət xadimi, professor Aida Tağızadə və digər çıxış edənlər kitab haqqında fikirlərini söylədilər.
   Çıxışlardan sonra bəstəkarın “Sülh uğrunda” simfonik poeması səsləndi. Bəstəkarlar İttifaqının “Oazis” simli kvarteti (bədii rəhbər - Cavad Tağızadə) bəstəkarın “Kvartet-poema”, BMA-nın I kurs tələbəsi Tofiq Şıxıyev “Piano üçün ballada”, Opera və Balet Teatrının solisti Afaq Abbasova isə “Ey gül” romansını (söz: Nizami Gəncəvi) ifa etdilər.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar