İyunun 14-də Azərbaycan Milli İncəsənət Muzeyində “Sənətimizin dirçəliş dönəmi” adlı tədbir keçirildi. 
   Milli Qurtuluş Gününə həsr edilmiş tədbiri muzeyin direktor müavini Elmira Qasımova açaraq ulu öndər Heydər Əliyevin respublikada hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyun tarixinin müstəqillik və dövlətçilik salnaməmizdə müstəsna yerindən söz açdı. Qeyd olundu ki, Heydər Əliyevin respublika Ali Sovetinin sədri seçildiyi həmin gün Azərbaycan tarixində yeni bir mərhələnin - siyasi sabitlik, dirçəliş, iqtisadi inkişaf, sülh və əmin-amanlıq dövrünün başlanğıcı oldu. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 1997-ci il tarixli qərarı ilə 15 iyun Milli Qurtuluş Günü elan edilib.
   Tədbirdə ulu öndərin Azərbaycanın müstəqilliyi naminə, ölkə və xalq qarşısında unudulmaz xidmətlərini əks etdirən film nümayiş olundu.
   Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şöbə müdiri, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani ümummilli liderlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü, ölkəmizin müstəqilliyi uğrunda aparılan mübarizədən söz açdı. Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan, dövlət quruculuğu və hərbi quruculuq sahəsində müstəsna xidmətlərindən danışan natiq ulu öndərə həsr etdiyi kitabdan bəzi məqamları iştirakçıların nəzərinə çatdırdı.
   Tədbirdə Müdafiə Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyi Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin nümayəndələri, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri Aslan Kənan, BDU-nin tarix fakültəsinin müəllimi, dosent Atamoğlan Məmmədli, N.Nərimanovun xatirə-muzeyinin böyük elmi işçisi Rəna Qəhrəmanova, H.Aslanov adına Mərkəzi Zabitlər Evinin təbliğat və hərbi-kütləvi işlər bölməsinin rəisi, kapitan Aidə Mirzəyeva və digərləri çıxış edərək Milli Qurtuluş Gününün tariximizdəki yerindən, tədbirin əhəmiyyətindən danışdılar.
   Tədbir iştirakçılarına ulu öndər Heydər Əliyev tərəfindən mədəni irsimizin, mənəvi dəyərlərimizin mühafizəsi və təbliği ilə bağlı qəbul edilən qərar və sərəncamlardan, Azərbaycan Milli İncəsənət Muzeyində bu istiqamətdə həyata keçirilən işlərdən söz açıldı.
   Sonda iştirakçılar “Heydər Əliyev və sənət müasirləri” adlı sərgi ilə tanış oldular.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar